Baş Prokurorluq və DİN birgə məlumat yaydı
27 avqust 2012 17:39 (UTC +04:00)

Baş Prokurorluq və DİN birgə məlumat yaydı

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 24-də Xızı rayonunun Şurabad qəsəbəsi ərazisində naməlum şəxs odlu silahdan atəş açaraq Siyəzən şəhər sakini Elşən Ələkbərova ağır bədən xəsarəti yetirdikdən sonra ona məxsus "AzSamand" markalı avtomobillə hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb. Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Xızı rayon prokurorluğu və rayon Polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.



"İsti izlər"lə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat - axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətmiş rayonun Zarat kənd sakini Məhərrəm Heybətov müəyyən edilərək yaxalanıb.



Tədbirlərini davam etdirən istintaq-əməliyyat qrupu M.Heybətov tərəfindən gizlədilmiş mərhuma məxsus avtomaşının və cinayətin aləti olan bir ədəd ov tüfənginin yerini də aşkar edərək götürüb.



M.Heybətov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2587

Oxşar yazılar