“6 kvadrat metrlik mətbəx” ifadəsi çoxları üçün məhdudiyyət kimi səslənsə də, müasir dizaynerlər bunun əksini sübut edir. Onların fikrincə, problem sahənin kiçik olması deyil, məkanın düzgün istifadə edilməməsidir.
Lent.az xəbər verir ki, ən vacib dəyişikliklərdən biri yuxarı dolablardan imtina etməkdir. Ağır asma şkaflar mətbəxi daha dar və basıq göstərir. Onların yerinə aşağı hissədə dərin çekmecələr və açıq rəflər istifadə etmək məkanı daha geniş və havadar edir. Digər maraqlı yanaşma mətbəx planını dəyişməkdir.
Dizaynerlər iş zonasını pəncərəyə yaxınlaşdırmağı tövsiyə edir. Pəncərəaltı sahəni masa kimi istifadə etmək həm işıqlandırmanı artırır, həm də əlavə funksional yer yaradır. Bu hissə həm iş səthi, həm də kiçik yemək guşəsi kimi istifadə oluna bilər.
Rəng seçimində isə tam ağ interyerdən uzaq durmaq məsləhətdir. Bunun əvəzinə vurğu divarı və ya fərqli rəngli “fartuk” istifadə etmək daha effektivdir. Məsələn, parlaq kafel, teksturalı kərpic və ya tünd rəngli bir detal məkanı vizual olaraq daha maraqlı və böyük göstərir.
Kafel seçimində də yeniliklər var. Klassik modellərdən fərqli olaraq, kiçik kvadrat kafellər və ya şüşə bloklar daha çox istifadə olunur. Şüşə elementlər işığı əks etdirərək mətbəxi daha geniş göstərir.
İşıqlandırma isə kiçik mətbəxin ən vacib elementlərindən biridir. Tək bir lampa əvəzinə, çoxsəviyyəli işıqlandırma istifadə edilməlidir. İş sahəsi üçün ayrıca işıq, yemək zonası üçün asma lampalar və əlavə spot işıqlar məkanı daha geniş və rahat göstərir. Material seçimində kontrast yaratmaq da vacibdir. Təbii ağac, daş və metal elementlərin birlikdə istifadəsi mətbəxə bahalı və müasir görünüş verir.
Bu yanaşma interyeri sadəlikdən çıxarıb daha fərqli edir. Texnika seçimi də önəmlidir. Böyük və yer tutan cihazlar əvəzinə, kompakt və quraşdırılmış texnikalara üstünlük verilməlidir. Məsələn, dar qabyuyan maşın həm yerə qənaət edir, həm də gündəlik həyatı asanlaşdırır. Şaquli saxlama üsulları da geniş istifadə olunur.
Divara asılan relslər, maqnit bıçaq tutacaqları və ədviyyat rəfləri həm funksional, həm də estetik görünür. Nəhayət, böyük şkafları divar rəngində seçmək məkanı vizual olaraq “yox edir” və daha geniş effekt yaradır.
Kiçik mətbəx əslində problem deyil, düzgün yanaşma ilə həm rahat, həm də çox dəbli bir məkana çevrilə bilər.