İnsanlar tarix boyu dünyanın haradan başladığını anlamağa çalışıblar. Müxtəlif mədəniyyətlər isə öz müqəddəs saydıqları məkanları “Yer kürəsinin göbəyi” kimi adlandırıblar. Tarixçilərin fikrincə, bu cür yerlər bir neçədir və hər birinin özünəməxsus hekayəsi və simvolik mənası var.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşhur belə məkan Delfi hesab olunur.
Qədim yunan inanclarına görə, Zevs iki qartalı dünyanın müxtəlif istiqamətlərinə göndərmiş və onlar məhz bu nöqtədə qarşılaşmışdır. Delfidə yerləşən “omfalos” daşı isə dünyanın mərkəzi sayılır və insanlar ilə tanrılar arasında əlaqə rəmzi kimi qəbul edilirdi.
Digər mühüm namizədlərdən biri Qüds şəhəridir. Bu məkan üç böyük din üçün müqəddəs sayılır. Burada yerləşən Əsas Daş haqqında rəvayətlərdə deyilir ki, dünyanın yaradılışı məhz bu nöqtədən başlanıb.
Bəzi xalqlar isə “Yer kürəsinin göbəyi” kimi Pasxa adasını göstərirlər. Adadakı məşhur moai heykəlləri enerji qoruyucuları kimi qəbul olunur.
Başqa bir versiyaya görə isə dünyanın mərkəzi Tibetdə yerləşir. Yerli inanclara əsasən, Kailas dağı kainatın oxu hesab olunur.
Antropoloqlar bildirirlər ki, müxtəlif mədəniyyətlərin bu cür məkanlar müəyyən etməsi təsadüfi deyil. İnsanlar hər zaman özlərinə dayaq nöqtəsi axtarıblar.
“Yer kürəsinin göbəyi” anlayışı coğrafi deyil, daha çox mənəvi məna daşıyır. Bu yerlər əsrlər boyu ziyarət mərkəzlərinə çevrilib və insanlar bura cavab tapmaq ümidi ilə üz tutublar.
Bu gün həmin məkanlar turistləri cəlb etsə də, onların dəyəri dəyişməyib. Onlar insana xatırladır ki, hər kəsin həyatında bir başlanğıc nöqtəsi var və hər kəs öz “mərkəzini” özü seçir.