Avropa Qrupu Yunan Kiprndə fəaliyyət göstərən kommersiya banklarında saxlanılan əhalinin əmanətlərinin birdəfəlik vergiyə cəlb edilməsi ilə bağlı qərar qəbul edib. Belə ki, 100 min avroya qədər məbləğdə olan əmanətlərə 6,75%, bundan artıq depozitlərə isə 9,9% verginin tətbiq olunması planlaşdırılır. Əgər Kipr parlamenti bu yeniliyi rəsmən təsdiq edərsə, qərar artıq martın 18-dən qüvvəyə minəcək.
«APA-Economics»in məlumatına görə, bununla əlaqədar Kipr əhalisi kütləvi şəkildə banklardakı əmanətlərini geri götürməyə başlayıb. Lakin şənbə günü bank ofisləri bağlı olduğuna görə, bankomatlar qarşısında uzun növbələr yaranıb. Buna baxmayaraq, bir çox bankomatda nağd pul olmayıb, bəziləri ümumiyyətlə işləməyib, digərlərində isə maksimum 600 avro məbləğində nağd vəsait çıxarmaq mümkündür. Sonradan nağdlaşdırma ilə bağlı məhdudiyyət 3 dəfə azaldılaraq 200 avroya salınıb. Artıq əksər bankomatda nağd vəsait qurtarıb. Bir çox bank onlayn ödəniş sistemlərinin işini də dondurub.
Avropalı ekspertlər isə verginin tətbiqi ilə bağlı bu qərarı Kipr iqtisadiyyatının sağlamlaşdırılması üçün zəruri addım kimi qiymətləndirirlər.