APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbər Ukrayna prezidentinin saytında xəbər yerləşdirilib.
1 saatadək çəkən görüşün detalları açıqlanmır.
Görüşdə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyev və AB-nin Ukrayna nümayəndəliyinin rəhbəri Yan Tombinski də iştirak ediblər.
Ş. Fülenin Kiyevə tərəflər arasında yaranmış siyasi böhranın həllinə yardım etmək üçün səfər etdiyi bildirilir.
Qeyd edək ki, Ukraynada mitinqlər Nazirlər Kabineti avrointeqrasiyaya pauza verdiyini elan etdikdən sonra – ötən ilin noyabrında başlayıb.
Kiyevdə etirazçılarla hökumət qüvvələri arasında baş verən toqquşmalarda 3 nəfər ölüb, xeyli insan xəsarət alıb. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etməsini tələb edir.
Ukrayna prezidenti danışıqların gedişində “Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir postunu təklif etsə də, o bu təklifi qəbul etməyib.
Baş nazir Nikolay Azarov isə ölkədə ictimai-siyasi kompromis üçün əlavə imkanlar yaratmaq, habelə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün yanvarın 28-də istefa verdiyini açıqlayıb.