Türkiyədə ilin əvvəlindən qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən saxlanılan miqrantların sayı 50 mini keçib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ilin əvvəlimdən quruda saxlanılan miqrantların sayı 35 mini, dənizdə isə - 15 mini keçib. Məlumata görə, yalnız martın 3-dən 9-dək sahil mühafizə qüvvələri dənizdə 548 miqrant, jandarm və polis əməkdaşları isə 477 miqrant saxlayıb. İlin əvvəlindən Egey dənizində boğulmuş miqrantların sayı isə 183 nəfər təşkil edib.
Qeyd edək ki, martın 8-də Aİ üzvü olan 28 ölkənin liderləri və Türkiyənin baş naziri “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin altı prinsipini razılaşdırıblar.