Amerikanın Texas ştatında baş verən leysan yağışları və daşqınlar nəticəsində 4-ü uşaq olmaqla ən azı 5 nəfər həyatını itirib. Bu barədə yerli polisin nümayəndəsi Ceyms Muniz bildirib.
Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, insident Texas ştatının Dallas şəhərindən 160 kilometr məsafədə yerləşən Fələstin şəhərində baş verib. Yaşlı qadın və onun 6-9 yaş arasında olan 4 nəvəsi daşqın nəticəsində həlak olub.
ABŞ-ın meteoroloji xidməti ölkənin mərkəzi rayonlarının əhalisini əlverişsiz hava şəraitinin ən azı aprelin 30-u axşam saatlarına qədər davam edəcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, bir müddət əvvəl Texasda baş verən leysan yağışları və daşqınlar 6 nəfərin həyatına son qoymuş, minə qədər ev isə su altında qalmışdı.