Şimali Koreyanın hədələri qarşılığında ABŞ Raket Hücumundan Müdafiə sistemini gücləndirmək haqqında qərar qəbul edib.
Lent.az-ın «RİA Novosti»-ə istinadən məlumatına görə, rəsmi Pxenyan ABŞ-ın Şimali Koreyaya qabaqlayıcı hücum edəcəyi ehtimalını əsas götürərək, 1950-53-cü illərdə Koreya savaşının başa çatması ilə əlaqədar imzalanmış sülh müqaviləsindən çıxdığını bildirmişdi.
ABŞ-ın müdafiə naziri Çak Heygel Alyaska və Kaliforniyada əlavə 14 tutucu – raket yerləşdirəcəklərini bəyan edib.
Bununla da kiçik Corc Buşun prezidentliyi dövründə təklif olunan plana uyğun olaraq, ABŞ ərazisində belə raketlərin sayı 44-ə çatacaq.
Mənbənin xatırlamasına əsasən, 2009-cu ildə prezident Barak Obama onların sayını artırmayaraq, 30-da saxlamağı qərara almışdı. Ancaq Şimali Koreyadan yaranacaq təhlükə Pentaqonu bu addımı atmağa vadar edib.