Rusiyanın “Qazprom” konserni Özbəkistanın “Uzbeknefteqaz” şirkəti ilə cari ildə 4 mlrd kubmetr həcmində qazın alınmasına dair saziş imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Uzbeknefteqaz”la saziş “Qazprom”un Türkmənistanın “Turkmenqaz” dövlət konserni ilə münasibətlərinin gərginləşməsi fonunda imzalanıb. Xatırladaq ki, iki şirkət arasında mübahisə Türkmənistan qazının qiyməti ilə əlaqədar yaranıb. Belə ki, 2015-ci ilin ortalarında rəsmi Aşxabad “Qazprom”u ilin əvvəlindən tədarük olunan qaza görə toplanmış borcu ödəməməkdə ittiham edib.
2015-ci ilin iyununda “Qazprom” qiymətin yenidən baxılması ilə bağlı Stokholm arbitrajında “Turkmenqaz”a qarşı iddia qaldırıb.
Bu ilin yanvarın ortalarında “Turkmenqaz” “Qazprom”un yanvarın 1-dən müqaviləyə vaxtından əvvəl xitam verdiyini bildirib. Rusiya holdinqi isə “Turkmenqaz” tərəfindən sazişdə ciddi pozuntulara yol verməsinin xitama səbəb olduğunu bildirib.