ABŞ-da «Spirit Airlines» şirkətinə məxsus təyyarə ilə Los-Anselesə ad gününü qeyd etməyə uçan 6 rus dilli San-Dieqo sakini rusca danışdıqları üçün reysdən endiriliblər.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, təyyarədən endirilənlərdən biri Dmitri Bitman deyib : «Biz bundan dəhşətə gəldik».
Onun sözlərinə əsasən, qrup qarşıdan gələn şənliyi müzakirə edirmiş, yalnız başqa sərnişinlər ucadan danışanda səslərini qaldırırmış. «10 dəqiqə keçəndən sonra bort bələdçisi gəlib bizdən təyyarə salonunu tərk etməyimizi istədi»-deyə, o, söyləyib.
Bitmanın sözlərinə görə, onlara deyiblər ki, bələdçi başqa dildə danışdıqlarını zənn edərək, qorxub: «O, bizdən yavaş danışmağımızı istəməyib».
Bununla belə stüardessa səsucaldanla bu haqda xəbərdarlıq etdiyini bildirib.
Şirkət baş vermiş olayla bağlı hələlik açıqlama verməyib.