Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandela bu gün ölkənin cənub-şərqindəki Kunu kəndində dəfn ediləcək.
Dəfn Nelson Mandelanın da aid olduğu tembu qəbiləsinin ənənələrinə uyğun keçiriləcək. Qohumlarının xahişi ilə foto və videoçəkilişlərə icazə verilməyəcək. Bir yerli telekanal bütün prosesi mətbuat mərkəzinə ötürəcək. Dəfnin keçirildiyi yerdən xeyli uzaqda yerləşən mətbuat mərkəzindən isə bütün dünya üzrə yayım aparılacaq.
Nelson Mandelanın nəşi dekabrın 11-dən 13-ünədək paytaxt Pretoriyada hökumət binaları kompleksində olub. 100 minə yaxın adam "millətin atası" ilə vidalaşmaq üçün ora axışıb.
Nelson Mandela dekabrın 5-də 95 yaşında Yohannesburqdakı evində dünyasını dəyişib. O, Cənubi Afrika Respublikasının tarixində ilk qaradərili prezident olub, 1994-cü ilin mayından 1999-cu ilin iyununadək ölkəyə rəhbərlik edib. Aparteid rejiminə qarşı apardığı fəal mübarizəyə görə Mandela 27 il həbsdə olub.
O, 1993-cü ildə Nobel sülh mükafatı ilə təltif edilib.
APA TV