Ukrayna prezidenti Viktor Yanukoviçin müxalifət liderləri və keçmiş prezidentlərlə keçirdiyi dəyirmi masa başa çatıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, keçmiş prezident Leonid Kuçma görüşdən məyus olduğunu bildirib.
«Müzakirədə konkretlik yox idi. Belə yığıncaqda məsələ həll etmək olmaz. Ancaq biz dünyaya göstərdik ki, danışıqlar mümkündür»-deyə, keçmiş dövlət başçısı dekabrın 11-də gecə Kiyevdə meydanda etirazçılara güc tətbiqini də pisləyib.
O, əlavə edib: «Əgər belə sərt davranış olmasa idi, tələblər də kəskinləşməzdi».
Dövlətdə baş verənləri şəhr edərkən, L. Kuçma deyib: «Həqiqəti desəm, onda gərək ölkəni tərk edəm».
«Yanukoviçin yerinə olsa idi, daxili işlər naziri Vitali Zaxarçenkonu istefaya göndərədimi» sualından belə yayınıb: «Məni küncə sıxmayın».
Müxalifətdə olan «UDAR» Partiyasının lideri Vitali Kliçko da görüşdən narazı qalıb: «Hakimiyyəti müxalifətin heç bir tələbini nəzərə almayıb. Bu sadəcə olaraq, özünü göstərmək idi. Hakimiyyət müxalifətə sarı bir addım belə atmadı».