Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş toqquşmalarda 3 nəfər ölüb.
APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu “Batkivşina” (Vətən) Partiyasının deputatı Lesya Orobets özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, Zabitlər Evinin tibbi məntəqəsində 3 nəfərin meyiti var, 7 yaralı isə ölüm ayağındadır.
L. Orobets yaralıların ilk tibbi yardım ala bilmədikləri üçün öldüklərini söyləyib: “Təcili yardım maşınlarının bura girib-çıxmasına imkan verilmir. Vaxtında tibbi yardım ala bilməyən insanlar ölür...”
Qeyd edək ki, bu gün səhər Kiyevin Mariinsk parkında və Qruşevsk küçəsində Ali Radanın binasına doğru yürüş edən nümayişçilərlə “Berkut” xüsusi təyinatlıları arasında toqquşmalar olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silahdan istifadə etdikləri bildirilir.