Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısında Qarabağa dəstək aksiyası keçirilib. Lent.az-ın məlumatına görə, aksiyada Ukrayna, tatar, türk və digər xalqların gəncləri ilə yanaşı Azərbaycan diasporunun nümayəndələri də iştirak edib.
Azərbaycanlı gənclər və diaspora nümayəndələri, Qarabağda təxribatçı düşmənə sarsıdıcı zərbə vuran qüdrətli Azərbaycan ordusuna həmrəylik sevgilərini “Qarabağ bizimdir bizim olacaq” ,”Şəhidlər ölməz vətən bölünməz”, “rədd olsun cinayətkar Ermənistan hakimiyyəti”, “Vətən biz səninləyik” şüarlarını səsləndirməklə çatdırıblar.
Ukraynanın aparıcı televiziya kanallarının və media təmsilçilərinin diqqətlə izlədiyi aksiyada Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, hüquq elmləri doktoru professor, Arif Quliyev, İşıq Azərbaycan cəmiyyətinin sədri Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev ,Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəxri sədri Anar Tahirov, gənc fəallardan Maksim Mamedov və digər şəxslər son günlər qüdrətli Azərbaycan ordusunun mənfur erməni işğalçılarının növbəti təxribatının qarşısını alaraq düşmənə vurduğu sarsıdıcı zərbənin dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar. Azərbaycanın Ali baş komandanı İlham Əliyevin əmrinə əsasən Ukraynada yaşayan soydaşlarımızın istənilən zaman silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər. Sonra tədbirə qatılanlar torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin Azərbaycan səfirliyinin qarşısında təşkil olunmuş xatirə guşəsinin önünə tər çiçəklər qoymaqla onların ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər.