Britaniyanın baş naziri Devid Kemeron Roma Papası Fransiskin Folklend adalarının Argentinaya məxsus olması barədə sözləri ilə razılaşmadığını bildirib.
Qeyd edək ki, sözügedən ifadəni Papa Fransisk 2010-cu ildə, yəni Buenos-Ayres arxiyepskopu olarkən işlədib.
Papa seçilməzdən adı Xorxe Mario Berqolio olan Fransisk öz çıxışında Folklend adalarının Argentinaya məxsus olduğunu və britaniyalılar tərəfindən işğal edildiyini bildirib.
Devid Kemeron isə xatırladıb ki, martın əvvəllərində Folklend adalarında keçirilən referendumda ada əhalisi Britaniyanın tərkibində qalmağa səs verib.
«Bu adaların əhalisi öz gələcəyini aydın şəkildə seçib. Hər kəs onların seçiminə hörmət etməlidir. Mən yeni Roma Papasının məlum çıxışı ilə razı deyiləm» - deyə, Kemeron əlavə edib.
Xatırladaq ki, ötən həftə keçirilən referendumda ada əhalsinin 98,7 faizi Britaniyanın tərkibində qalmağa səs verib.