Gürcüstanın baş naziri Bidzina İvanişvili 11-13 fevralda Gürcüstan paytaxtında baş tutan “sammitinin iştirakçılarını qəbul edib. Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Avrokomissiyanın vitse-prezidenti, nəqliyyat məsələləri üzrə Avrokomissar Siym Kallas və “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. Görüşdə iştirakçılar Tiflisdə keçirilən qeyri-rəsmi sammitin yekunu barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” çərçivəsində qeyri-rəsmi görüşdə müxtəlif sahələrdə əməkdaşlıq, Gürcüstan və AB arasında irəliləyiş və Vilnüs sammitinə hazırlıq məsələləri müzakirə edilib.
Gürcüstanın baş naziri qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin AB ilə münasibətlərin dərinləşdirilməsi təşəbbüsü böyük əhəmiyyət kəsb edir. “Bu təşəbbüs AB ilə demokratik dəyərlərin ölkələr arasında bölünməsinə gətirib çıxaracaq.
Bu tədbirdə iştirak edən ölkələr real dəyərləri yaxşı başa düşürlər. Bütün ölkələrin əhalisi inkişafa doğru can atır. Bizə daha yaxşı yol ilə getməyi göstərdiyi üçün AB-nə minnətdarlığımızı bildiririk. Biz bu yol ilə inamla addımlayacağıq”, deyə Bidzina İvanişvili bildirib.
Baş nazir tədbir iştirakçılarına Gürcüstana gəldikləri üçün təşəkkür edib.
Bu gün sammit iştiraçılarını Gürcüstan prezidenti Mixail Saakaşvili də qəbul edib.
Qeyd edək ki, Gürcüstan paytaxtında “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin qeyri-rəsmi görüşü ikinci tədbirdir, bundan əvvəlki görüş Moldovada keçirilib.