Bir neçə gün əvvəl Tehranda iki moda qurumunun (“Viollet” moda agentliyi və “Moda evi”) təşkilatçılığı ilə yeni mantolar nümayiş olunub. İranın dövlət bayrağı əsasında hazırlanan bu mantoların təqdimat mərasimində həm qadınlar, həm də kişilər iştirak edib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, yeni modelləri gənc xanımlar səhnəyə çıxaraq nümayiş etdiriblər.
Tədbirdə iştirakçıların diqqətini çəkən məqamlardan biri də mantolardakı İran bayrağının ortasında “Allah” sözünün olmaması, bəzi mantolarda həmin sözün yerinə pələng şəklinin vurulması olub.
Bu mantolar dərhal ölkənin mühafizəkar dairələrinin, eləcə də mühafizəkar KİV-lərin etirazı ilə qarşılanıb.
Az sonra isə bayraqlı mantoları nümayiş etdirən “Viollet” moda agentliyinin və “Moda evi”nin fəaliyyəti dayandırılıb.
İranın İslam İrşad və Mədəniyyət Nazirliyinin rəsmisi Həmid Qubadi deyib ki, sözügedən mantolarda İran bayrağına hörmətsizlik var.
Həmid Qubadi bildirib ki, iki moda müəssisənin yeni mantolarla bağlı tədbiri də qanunsuz olub, onların belə bir təbdir keçirməyə lisenziyası olmayıb.