Gürcüstan Konstitusiya məhkəməsi Mixail Saakaşvilinin səlahiyyətlərinə dair iddianın baxılmasını qəbul etməyib.
APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi məlumata görə, buna səbəb kimi “konstitusiya tipli dəyişiklikləri yalnız xalq tərəfindən seçilmiş qanunverici orqan qəbul edə bilər” - göstərilib.
Xatırladaq ki, uyğun iddia ilə məhkəməyə yanvarın 4-də qeyri-hökumət təşkilatların bir qrup üzvü müraciət edib. Onlar prezidentin səlahiyyətlərini uzadılmasını əsaslandıran Konstitusiyaya “zidd olan maddəni” ləğv etməyə çağırıblar.
İddiada qeyd olunub ki, 70-ci maddənin 9-cu hissəsində Gürcüstanda prezident seçkisi prezidentin səlahiyyətlərinin yekunlaşdığı ilin oktyabrında keçirilməlidir. Həmin maddənin birinci hissəsində isə Gürcüstanda prezidentin yalnız beş il müddətinə seçildiyi də vurğulanıb.
QHT-lərin bir qismi hesab edir ki, prezident Mixail Saakaşvilinin səlahiyyət müddəti yanvarın 20-də sona çatıb.Həmin tarixidə onun andiçməsinin beş ili tamam olub.