Güldən fərqli mövqe: "Bu məsələnin üstünə getmək lazımdır"
04 yanvar 2014 11:46 (UTC +04:00)

Güldən fərqli mövqe: "Bu məsələnin üstünə getmək lazımdır"

“Korrupsiya halları ört-basdır edilərsə, cəmiyyət çürüyər. Bu məsələnin üstünə getmək lazımdır”.APA-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül “Habertürk” telekanalının canlı yayınında ölkədə baş verən son hadisələrə dair jurnalistlərin suallarını cavablandırarkən deyib. A. Gül bildirib ki, prokurorların və məhkəmələrin vəzifəsi qanunsuzluqları qanun çərçivəsində ortaya çıxarmaqdır: “Heç bir şeyin üstü qapadıla bilməz. Yanlış əməlləri olmayanlar qorxmamalıdır”.    

 

Prezident 17 dekabrda başlayan rüşvət və korrupsiya əməliyyatı ilə iyun ayında baş vermiş Gəzi Parkı hadisələri arasında paralellik quran və hər iki hadisənin xarici qüvvələr tərəfindən hökumətə qarşı qurulmuş oyun olduğunu iddia edən Ərdoğan hökumətini mövqeyi ilə razılaşmayıb: “Gəzi olayları ilə korrupsiya istintaqını bir-biri ilə əlaqəli görmürəm. İkisi bir-birindən ayrı məsələlərdir”.    

 

A. Gül nurçuların dövlət içində dövlət qurduqları barədə baş nazirin və onun tərəfdarlarının bəyanatlarına da münasibət bildirib. O deyib ki, dövlət içərisində hansısa ayrı bir dövlət və ya paralel strukturlar ola bilməz və olmamalıdır: “Bu tip məsələlərdə şəffaflıq önəmlidir. Dövlət qurumları Konstitusiyaya, qanunlara, iyerarxiyaya diqqət etməlidir. Qurumun xaricindən hansısa təlimat almaq və ya kənara məlumat ötürmək kimi hallar əsla olmamalıdır. Belə şeylər olarsa, təbii ki, araşdırılmalıdır və lazımi addımlar atılmalıdır”.      

 

Dövlət başçısı daha bir məsələdə baş nazir Ərdoğandan fərqli mövqe ortaya qoyub. O, parlament üsul-idarəsinin Türkiyə üçün daha uyğun olduğunu vurğulayıb: “Mən parlament sisteminin Türkiyə üçün daha uyğun olduğunu düşünürəm. Amma çoxluq istəsə, prezident üsul-idarəsi ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1567
avatar

Oxşar yazılar