Türkiyədə spirtli içkilərin satışı ilə bağlı qanun layihəsi ölkənin parlamenti tərəfindən qəbul edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunan qanuna əsasən, spirtli içkilərin hər hansı bir formada reklamı aparıla bilməz. Bundan başqa, spirtli içkilərin təbliği, filmlərdə, kliplərdə nümayişi də qanunla qadağan edilib.
Qanuna əsasən, spirtli içkilər yalnız beynəlxalq sərgilərdə nümayiş oluna bilər. Türkiyədə həmçinin, 18 yaşına çatmayan şəxslərə spirtli içki satılmayacaq. Bundan başqa, qeyd olunan içkiləri saat 22:00-dan 06:00-a qədər almaq da mümkün olmayacaq.
Qeyd edək ki, bu qanunu pozan şəxslər cərimələnəcək.