“Kiyev küçələrində kilsə zənglərinin çalındığı bir vaxtda Amerika Ukrayna xalqı ilə birlikdədir”
ABŞ dövlət katibi Con Kerri Ukrayna hakimiyyətinin Kiyevin Müstəqillik Meydanındakı mitinqçilərə güc tətbiq etməsini kəskin ifadələrlə pisləyən çox sərt bəyanatla çıxış edib. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bəyanatda Ukrayna hökumətinin bu addımının iyrənc olduğu vurğulanır: “ABŞ Ukrayna hakimiyyətinin Kiyev meydanındakı dinc etiraz aksiyasına xüsusi təyinatlılar, dəyənəklər və buldozerlərlə reaksiya vermək qərarına öz nifrətini bildirir. Bu cür cavab qəbuledilməzdir və demokratiya ilə bir araya sığmır. Ötən həftə mən Brüsseldə və Moldovada bütün tərəflərin zorakılıqdan vaz keçməsinin vacibliyini vurğuladım və prezident Yanukoviçi ukraynalıların gözləntilərini doğrultmağa çağırdım. Vitse-prezident Baydenin Yanukoviçlə telefon danışığında söylədiyi kimi, demokratik prinsiplərə, o cümlədən sərbəst toplaşma azadlığına hörmət ABŞ-ın Ukraynaya yanaşmasında fundamental əhəmiyyətə malikdir. Bu, təkcə Amerikanın deyil, bəşəri dəyərdir. Bir neçə həftə ərzində biz prezident Yanukoviç və onun hökumətini sülh, ədalət və Avropa gələcəyi tələb edən insanların səsinə qulaq asmağa çağırdıq. Bunun əvəzinə, Ukrayna liderləri başqa seçim etdilər”.
C. Kerri bəyan edib ki, Ukrayna hakimiyyəti Ukrayna xalqının təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır: “Kiyev küçələrində kilsə zənglərinin çalındığı bir vaxtda Amerika Ukrayna xalqı ilə birlikdədir. Onlar ən yaxşıya layiqdir”.