Suriyada münaqişə başlandığı 2011-ci ildən bəri azı 255 min insan həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Pan Qi Mun bəyan edib.
“Ölkədə itki sayı qəbuledilməz dərəcədə yüksəkdir. Azı 255 min insan həlak olub, bəziləri bu rəqəmin 500 mindən çox olduğunu israr edirlər. Ümumilikdə müharibədən ölkə əhalisinin yarısından çoxu zərər çəkib”, deyə BMT baş katibi Beyrutda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkənin infrastrukturu demək olar ki, tamamilə dağılıb, məktəb və xəstəxanaların əksəriyyəti işləmir. Pan Qi Mun Dünya Bankının prezidenti ilə birgə Livanda səfərdədir.
Qeyd edək ki, fevralda Suriya Siyasət Araşdırmaları Mərkəzi ölkədə son beş il ərzində 470 min insanın həlak olduğunu bildirmişdi. Onlardan 400 min insan zorakılıqlar nəticəsində, 70 min nəfər səhiyyə xidmətləri, ərzaq, su qıtlığı və yaşayış yerlərindən məhrum olduqları üçün həyatlarını itiriblər.