BMT Baş Assambleyası noyabrın 19-u tarixinin Beynəlxalq Tualet Günü kimi qeyd edilməsi ilə bağlı qətnamə qəbul edib. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, Baş Assambleya üzvləri təəssüf hissi ilə qeyd ediblər ki, bu gün 2,5 milyard insan hələ də sanitariya sahəsinin əsas xidmətlərindən istifadə etmək hüququndan məhrumdur. Qətnamədə bütün üzv dövlətlər bu sahədə müvafiq addımlar atmağa çağırılıb.
Baş Assambleya üzvləri vurğulayıblar ki, sanitariya sahəsində xidmətlərin mövcud olmaması insanların sağlamlığına təsir edir, yoxsulluq səviyyəsinin azaldılması və sosial-iqtisadi inkişafı sahəsində səylərin nəticələrini azaldır: “2000-ci ildə keçirilən Minilliyin Sammitində 2015-ci ilə qədər təmiz suya və əsas sanitariya xidmətlərinə çıxışı olmayan insanların sayını ikiqat azaltmaq hədəfi qoyulub. Bu istiqamətdə ciddi addımlar atılıb, lakin bu gün 2,5 milyard insan hələ də bundan məhrumdur”.