Brüssel beynəlxalq hava limanında partlayış törədən terrorçu-kamikadze İbrahim Bakraui 2015-ci ildə Türkiyədən Belçikaya deyil, Niderlanda deportasiya edilib.
APA-nın məlumatına görə, bunu VRT telekanalının efirində Belçikanın ədliyyə naziri Koen Qens bəyan edib.
“O zaman biz İbrahim Bakrauini terrorçuluq fəaliyyətində şübhəli bilinən şəxs kimi yox, şərti cəza ilə azadlığa çıxmış adi cinayətkar kimi tanıyırdıq”, deyə K.Qens bildirib.
Beləliklə, Belçika ədliyyə naziri Türkiyə prezidentinin açıqlamasını təsdiqləyib. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Brüsseldə terror aktı törətməkdə şübhəli bilinənlərdən birinin 2015-ci ildə Türkiyədən deportasiya edildiyini bildirib: “Brüsseldəki terrorçulardan biri 2015-ci ildə Qaziantepdə saxlanılıb, iyulun 14-də ona qarşı deportasiya proseduru başlanılmışdı. Bununla əlaqədar biz Belçika səfirliyini məlumatlandırmışdıq, həmin şəxsin terrorçu olduğu barədə xəbərdarlıq etmişdik. Buna baxmayaraq belçikalılar həmin şəxsi sərbəst buraxıblar və onun öz istəyi ilə Niderlanda göndəriblər”.