Türkiyədə azərbaycanlı alimin erməni terrorçuluğunun ideologiyasına dair kitabı çıxıb. APA-nın məlumatına görə, Türkiyənin Kayseri universitetinin müəllimi Qafar Çaxmaqlının “Armenizmden terörizme” adlı kitabı çapdan çıxıb. Kitab erməni terrorunun ideoloji mənbələrinə dair indiyə qədər Türkiyədə nəşr edilən araşdırmalar arasında önəmli yer tutur. Kitabın nəşriylə bağlı APA-ya açıqlama verən Qafar Çaxmaqlı əsərdə erməni irqçi ideologiyasının ən qədim çağlardan bu günə qədər olan mərhələlərini araşdırdığını və araşdırma prosesində daha çox ermənilərin öz mənbələrindən istifadə etdiyini deyib. Qafar Çaxmaqlı kitabında erməni terrorçularının alman faşistləriylə ideoloji əməkdaşlığını ortaya qoyan faktları açıqladığını və erməni terrorçuluğunun mənşəyində bəşəriyyətə nifrət motivlərinin durmasının ilk dəfə bu əsərdə incələndiyini vurğulayıb. Əsərin Kayseridə nəşr edildiyini xatırladan Qafar Çaxmaqlı Ankara və İstanbuldakı tanınmış nəşriyyatların “Armenizmden terörizme” kitabını çap etmək üçün artıq ona müraciət etdiklərini də sözlərinə əlavə edib. Azərbaycanlı alim erməni terrorçuluğunun ideoloji köklərinin obyektiv faktlarla ortaya çıxarılmasının ermənilərin indiyə qədərki saxtakarlıqlarına ən yaxşı cavab olacağını vurğulayıb.