Kiyevdə Ali Radanın binası önündə toqquşma zamanı 10 nəfər etirazçı yaralanıb.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, atılmış işıq-səs qumbarası aksiya iştirakçılarının birinin qolunu qoparıb.
Toqquşma zamanı xəsarət alanların əksəriyyəti başından yaralanıb.
Yerli mətbuat həmçinin hakim Regionlar Partiyasının mənzil-qərargahında şüşələrin sındırıldığı barədə məlumat yayıb. Məlum olub ki, etirazçılar binaya daş parçaları və “Molotov kokteyli” atırlar. Binada yanğının baş verdiyi bildirilir.
13:23
***
Kiyevdə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verib.
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, polis əməkdaşları etirazçılara rezin güllələrdən atəş açıblar.
Bu, bəzi aksiyaçıların polislərə tərəf daş atmalarından sonra baş verib.
“Ukrainskaya pravda” nəşrinin məlumatına görə, Qruşevski küçəsində etirazçılar təkərləri yandırır, əraziyə güc strukturlarının əlavə qüvvəsi cəlb edilir.
Ali Rada binası yaxınlığında baş vermiş toqquşmalar nəticəsində Daxili Qoşunların 3 əsgəri yaralanıb.