Bolqarıstan Sərhəd Xidməti Belçikadan gələn furqonda Türkiyəyə keçirilməsi nəzərdə tutulan böyük həcmdə kokain aşkarlayıb.
Lent.az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, 206 kq kokain Bolqarıstanın quru sərhədində indiyədək aşkar edilən ən böyük narkotik partiyasıdır.
Narkotikin ümumi dəyəri 20 milyon avro (22 milyon dollar) olaraq qiymətləndirilir.
Narkotik vasitələr beş çamadanın içində gizlədilmiş 179 möhürlü paketdə aşkarlanıb.
Haskovo rayonunun prokuroru İvan Stoyanov hadisə ilə bağlı üç nəfərin saxlandığını bildirib. Onlardan biri Belçikada akkreditə olunmuş, Konqo Demokratik Respublikasından olan 40 yaşlı diplomat, digərləri isə 54 yaşlı Belçika vətəndaşı və 43 yaşlı bolqar sürücüdür.
Prokurorun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləri sübuta yetirilərsə, onları 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.