Böyük Britaniyada su samuru otelə 100 min funt-sterlinq (təxminən 213 min 600 manat) dəyərində ziyan vurub.
Lent.az xarici mediaya istinadla bildirir ki, samur Çesterdəki “Grosvenor Pulford Hotel & Spa” otelinin iki gölməçəsindən 50-yə yaxın Amur sazanının yeyib. Hər balığın qiyməti 2000 funt sterlinqdir (təxminən 4200 manat).
Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb. Qeydlər göstərir ki, su samuru balıqları yerli quşlardan qorumaq üçün nəzərdə tutulmuş elektrik çəpərləri aşır.
Otelin sahibi olan “Nelson Hotels & Inns” şirkətinin direktoru Endryu Nelson bildirib ki, rəhbərlik indi daha çox növbəti itkilərdən qaçmaq üçün yol axtarır:
“Rəngarəng sazan balığımız təkcə uzun illər mülkümüzün bəzəyi deyil, həm də otelimizə əhəmiyyətli sərmayə qoyuluşudur”.