ABŞ-da bir qadın arıqlamaq üçün iynə vurduqdan sonra görmə qabiliyyətini itirdiyi üçün “Ozempic” və “Wegovy” istehsalçılarına qarşı iddia qaldırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Nyu-Cersidən olan 64 yaşlı 11 uşaq nənəsi Silette Mitçel 2023-cü ildə arıqlamaq üçün iynələri qəbul etməyə başlayıb. İlk dəfə iynə vurmağa başlayandan üç ay sonra yüngül bulanıq görmə hiss edib.
Zamanla o, “Wegovy”dən “Ozempic”ə keçib, lakin görmə problemləri daha da pisləşib və o, sağ gözündəki "qaranlıq, buludlu kölgələrdən" qurtula bilməyib. Amerikalı qadın bir oftalmoloqdan kömək istəyib və həkim onu MRT-yə göndərib. Müayinə zamanı xəstənin sağ gözündə arteritik olmayan ön işemik optik neyropatiya (NAİON) aşkar edilsə də, tezliklə sol gözdə də patologiya aşkarlanıb.
Qadın gündəlik işlərində köməyə ehtiyac duyduğu zədələnmiş görmənin inyeksiyaların birbaşa yan təsiri olduğuna inanır və Danimarka dərman istehsalçısı Novo Nordiskdən təzminat istəyir.