Hindistanda bəy toy mərasimi zamanı ürək tutmasından ölən gəlinin bacısı ilə evlənib.
Lent.az xəbər verir ki, bu barədə “News18” portalı Hind-Asiya Xəbərlər Xidmətinə (IANS) istinadən məlumat yayıb. Hadisə Uttar-Pradeş ştatının Samspura kəndində baş verib.
Bildirilir ki, gəlin toy mərasiminin əvvəlində gələcək əri Manqeş Kumar ilə ənənəvi çələng mübadiləsi zamanı huşunu itirib. Toyda iştirak edən həkim gəlini müayinə edib və onun öldüyü məlum olub.
“Belə bir vəziyyətdə nə edəcəyimizi bilmirdik. Hər iki ailə danışdı, kimsə kiçik bacım Nişanı bəylə evləndirməyi təklif etdi. Ailələr bu məsələni müzakirə edib razılaşdılar. Bu, qəribə bir vəziyyət idi, çünki bacımın cəsədi başqa bir otaqda uyuduğu bir məqamda kiçik bacımın toyu həyata keçirildi”, - gəlinin qardaşı belə deyib.