ABŞ və İsrailin İrana qarşı müharibəsi bazar ertəsi 17-ci gününə daxil olarkən İsrail Tehrana yeni hücum dalğası həyata keçirib.
Lent.az xarici mənbələrə istinadən ABŞ-İsrail-İran müharibəsi barədə son məlumatları diqqətinizə çatdırır.
* Belə ki, Körfəz regionunda gərginlik davam edir. Dubay beynəlxalq hava limanının yaxınlığında dronla hücum hadisəsi nəticəsində yanğın baş verdi. Hətta uçuşlar müvəqqəti dayandırıldı. Dubayda yerləşən “Emirates” hava yolu şirkəti daha sonra məhdud sayda uçuşları bərpa etdiyini, lakin gün üçün planlaşdırılmış bir neçə marşrutun ləğv edildiyini açıqlayıb.
* Səudiyyə Ərəbistanı da dronların qarşısını aldığını bildirib. Hücumlar həmçinin İraq və Livanda da davam edib.
Bu arada ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək, İranı müharibədə əldə etdiyi uğurlar barədə dezinformasiya yaymaq üçün süni intellektdən istifadə etdiyini bildirib, onları “media manipulyasiyasının ustası” olmaqda ittiham edib.
Son 24 saat ərzində baş verənlər barədə məlum olanlar bunlardır:
İranda
İsrail Tehranda yeni hücum dalğası həyata keçirdiyini açıqlayıb. Bundan sonra İranın Mehr xəbər agentliyi İranın Tehran üzərində “səmadakı düşmən hədəflərə” cavab verdiyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi CBS News-a müsahibəsində Trampın Tehranın atəşkəs danışıqları istədiyi barədə iddiasını rədd edib.
İran hakimiyyəti Tehran tərəfindən İsraillə əlaqədə olmaqda ittiham edilən Iran International peyk telekanalı üçün işləməkdə şübhəli bilinən 18 nəfəri həbs edib. Bu barədə dövlət maliyyəli Press TV məlumat yayıb.
Son məlumata görə, İranda 1444 nəfər həlak olub, 18 551 nəfər isə yaralanıb.
Körfəz regionunda
Dubay rəsmiləri bildiriblər ki, Dubay hava limanının yaxınlığında dron hücumu olub və bununla əlaqədar yanğın baş verib. Rəsmilərin sözlərinə görə, yanacaq çəni zədələnib və yanğın nəzarət altına alınıb. Hava limanında uçuşlar müvəqqəti dayandırılsa da, bazar ertəsi məhdud uçuş qrafiki ilə yenidən bərpa edilib.
BƏƏ-nin Füceyrə şəhərində də dron hücumundan sonra sənaye zonasında yanğın baş verib. Bu barədə əmirliyin media ofisi məlumat verib. BƏƏ-nin paytaxtı Əbu-Dabidə isə raket bir avtomobilin üzərinə düşüb və nəticədə bir fələstinli sakin həyatını itirib.
Səudiyyə Ərəbistanı bu gün ölkənin şərqində 37 dron hücumunun qarşısını aldığını bildirib. Bəhreyn, Küveyt və Qətər də dronların qarşısının alındığını açıqlayıblar.
ABŞ-da
Tramp prezident təyyarəsində jurnalistlərə bildirib ki, ABŞ İranın dron istehsal edən zavodlarını vurur. “İranın artıq çox az hərbi gücü qalıb. Biz onların istehsal imkanlarını məhv etmişik,” – o deyib.
Tramp Truth Social platformasında yazıb ki, İran “hərbi baxımdan zəif və təsirsizdir” və süni intellekti “dezinformasiya silahı” kimi istifadə edir. O əlavə edib:
“Onlar dənizdə müxtəlif gəmilərə hücum edən saxta “kamikadze qayıqları” göstərdilər. Bu görüntülər möhtəşəm, güclü və təhlükəli görünür, amma bu qayıqlar əslində mövcud deyil.”
İsraildə
Yerli media xəbər verir ki, bazar ertəsi səhər saatlarında İran tərəfindən atılan raketlərlə bağlı İsrailin mərkəzi hissəsində hava hücumu siqnalları səslənib. Raketlər açıq əraziyə düşüb və xəsarət alan olmayıb. Daha sonra İsrailin cənubunda da siqnallar verilib.
İraq, Livan və İordaniyada
İraq təhlükəsizlik mənbəsi Al Jazeera-ya bildirib ki, İran tərəfdarı olan Xalq Səfərbərlik Qüvvələrinin Jurf əl-Saxar bölgəsində yerləşən qərargahı hava zərbəsinə məruz qalıb. Hücum nəticəsində üç nəfər yaralanıb.
İraq təhlükəsizlik mənbələri həmçinin bildiriblər ki, ölkənin hava hücumundan müdafiə sistemləri Bağdaddakı ABŞ səfirliyi yaxınlığında və Səlahəddin vilayətində yerləşən Balad aviabazası ətrafında dronlara qarşı cavab verib.
İsrail Livanın cənubuna yeni hücum dalğaları həyata keçirib. İsrail ordusu Hizbullah qüvvələrinə qarşı məhdud quru əməliyyatlarına başladığını açıqlayıb.