Rusiyanın Kamçatka diyarında göyərtəsində 13 turist və üç ekipaj üzvü olan “Mi-8” helikopteri qəzaya uğrayıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə dövlət idarəsinin mətbuat xidmətindən bildirilib.
“12 avqust 2021-ci ildə Moskva vaxtı ilə saat 00:50-də “Vityaz-Aero” şirkətinə məxsus “Mi-8” helikopterinin Kronotskoye qoruğunun Kuril gölü ərazisinə sərt eniş etməsi haqqında məlumat daxil olub. İlkin məlumata görə, helikopterdə 3 ekipaj üzvü və 13 sərnişin olub”, - məlumatda belə deyilir.
Bildirilir ki, axtarış-xilasetmə işlərinə 45 nəfər və 8 texnika cəlb edilib. Regional axtarış-xilasetmə bazasının xilasediciləri hadisə yerinə yollanıb.
Helikopterin qəzaya uğramasından sonra 9 nəfər sağ qalıb. Bu barədə TASS-a Kamçatka diyarının səhiyyə naziri vəzifəsini icra edən Marina Volkova bildirib.
“Əldə etdiyimiz məlumata görə, doqquz nəfər sağ qalıb. Qalan turistlər və ekipaj üzvləri ilə bağlı məlumatlar araşdırılır”, - Volkova belə deyib.
Təcili tibbi yardım xidmətindən verilən məlumata görə isə, helikopterdən 8 nəfər xilas edilib, qalanları helikopterlə birlikdə göldə batıb. Məlumata görə, helikopter hazırda Kuril gölünün 100 metr dərinliyindədir.
Helikopterin qəzaya uğramasının səbəblərinin əsas versiyaları arasında mühərrikdəki nasazlıq və pilot səhlənkarlığı nəzərdən keçirilir.