Lukaşenko “Ded Xasanın” adamını Belarusa buraxmayıb
22 sentyabr 2011 15:41 (UTC +04:00)

Lukaşenko “Ded Xasanın” adamını Belarusa buraxmayıb

Moskva ətrafındakı Lyüberskdə böyük bir malikanə. Ev bütün sutka ərzində nəzarətdədir. Rusiya kriminal aləminin əfsanəsi “Ded Xasan” məhz bu malikanədə yaşayır. Ona qarşı sui-qəsddən sonra Ded Xasan bu malikanəni demək olar ki, tərk etməyib. O, həm də xüsusi xidmət orqanlarının nəzarətindədir. Lent.az-ın məlumatına görə, «Moskovski komsomelets»dən olan həmkarlarımız Rusiyanın kriminal durumu ilə bağlı hazırladıqları yazıda da elə “Ded Xasan” və onun indiki vəziyyəti, hazırda hansı nüfuz sahibi olması ilə bağlıdır. Yazını ixtisarla təqdim edirik.

Qoca “Xasanın” Belarus iflası

…44 yaşlı belaruslu Aleksandr Kuşnerov kriminal aləmdə “Kuşner” ləqəbi ilə tanınıb. O və daha dörd belaruslu avtoritet məhz “Ded Xasanın” tövsiyyəsi ilə “qanuni oğru” adını alıblar. Və “Kuşner” bundan sonra Ded Xasan tərəfindən necə deyərlər Belarus üzrə cavabdeh təyin edilib. Amma “Kuşner”ə Belarusda öz “səlahiyyətləri”ni yerinə yetirmək mümkün olmayıb. “Kuşner” sadəcə təhkim olunduğu regiona gedib çıxa bilməyib. Burda iki məqam önəmli rol oynayıb. Əvvəla, “Kuşner”i Belarus kriminal aləmində sevmirlər. Çünki onun ayağında çoxlu, özü də günahsız ölümlər var. Bundan başqa Minsk və Qomeldə biznesinin olduğu deyilir. Bu isə belaruslu “qardaşlar” tərəfindən qəti şəkildə qəbul edilmir.

İkinci və ən başlıca səbəb isə Lukaşenko amilidir. Belarus prezidenti onun ölkənin sərhədini keçəcəyi halda dərhal həbs olunması barədə qeyri-rəsmi göstəriş verib. “MK” yazır ki, “Kuşner” Belarusa keçəcəyi halda ən azı narkotik saxlamaqda günahlandırılaraq həbs ediləcək: “Ondan sonra isə Belarusun cinayət məcəlləsində ona qarşı nə qədər istəsələr maddə tapa biləcəklər”. Ona görə də, “Ded Xasanın” Belarus üzrə sorumlusu Moskva ətrafından kənara çıxa bilmir. Elə yerli hüquq-mühafizə orqanları da ona xəbərdarlıq ediblər: başının salamat qalmasını istəyirsə, sakitcə otursun.


“Ded Xasan” neçə vaxtdır “sxodka” aparmır

Rusiya kriminalının xaç atası öz malikanəsində sakitcə oturub və neçə vaxtlardır heç bir “sxodka”da iştirak etmir. Əslində xüsusi-xidmət orqanları da onu bir anda olsa gözdən qoymurlar. Bir yandan da “Taro” (“Ded Xasanın” bir nömrəli düşməni, gürcü kriminalının lideri Tariyel Oniani-S.M) amili də var. Elə “Ded Xasana” qarşı sonuncu sui-qəsdin də arxasında “Taro”nun durduğu heç kimə sirr deyil. Bu haqda mətbuat da yazıb, hüquq-mühafizə orqanları da gözəl bilirlər. Oniani indi dəmir barmaqlıqlar arxasındadır. Amma o, hələ də “Ded Xasandan” qisas almaq arzusunu gizlətmir. Düzdür, gürcü avtoritetləri həm Avropada, həm də Rusiyada öz mövqelərini itiriblər. Gürcüstanda isə ümumiyyətlə yoxdurlar. Nə onların, nə də “Ded Xasanın” da əvvəlki qüdrəti qalmayıb. İndi onların təsir dairəsi artıq güc strukturları tərəfindən bölüşdürülüb. Eləcə də biznes sahəsi…


İndi “Yaponçik” kimi avtoritetlər yoxdur

“Yaponçik” isə bir əfsanə idi. İndi onun kimiləri yoxdur. Onu Rusiya bayrağına büküb dəfn eləmişdilər. Düzdür, bu hal kimlər tərəfindənsə qəbul edilmədi. “Amma kimliyindən asılı olmayaraq o, əsl rus idi. Və bu cür dəfnə layiq idi” - deyə, qəzet yazır.

Qəzetin yazdığına görə, onun ölümündə də gürcü kriminalının barmağı olub. Çünki onun güllənməsindən sonra bir neçə gürcü avtoritet aradan götürüldü. Bir neçəsi isə heroinlə içəri atıldı…

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998

Oxşar yazılar