Gizli ocaqlar: tarixin Vatikan sirri - ARAŞDIRMA
21 sentyabr 2011 14:59 (UTC +04:00)

Gizli ocaqlar: tarixin Vatikan sirri - ARAŞDIRMA

«Hər şey Sənin tərəfindən papaya verilib və indi həmin hər şey onundur…» Dostoyevskinin «Böyük İnkvizitor»u qeyb olmasından düz 1500 il sonra təzədən İspaniyada zühur eləyən İsaya elə beləcə də deyir. Böyük İnkvizitor tutub zindana qatdığı İsaya uzun bir nitq iradında bulunur və hətta Tanrının oğlunu belə inandıra bilir ki, gəldiyi kimi səssizcə çıxıb getsə yaxşıdır. Çünki «indi biz Səninlə deyil, artıq onunlayıq…».

«Böyük İnkvizitor»un həqiqəti…

Nikolay Berdyayev Dostoyevskinin «Karamazov qardaşları»nda ayrıca pritça kimi verdiyi bu əfsanə barədə yazırdı: «İlk baxışdan adama elə gəlir ki, Dostoyevski burada nifrət elədiyi katolikliyin antropologiyasını göstərmək, bu tarixi xristianlığın yalançı simasını ifşa eləmək məqsədi güdüb. Ancaq bu rəvayət daha geniş məqsədləri əhatə edir. Burada tarixin bütöv bir fəlsəfəsi verilib, bəşəriyyətin gələcək taleyi barədə dərin mənalı peyğəmbərlik ifadə olunub».
Hə, elədir ki, var. Nə olsun ki yazıçı Dostoyevski İsanı inkvizisiyanın daha çox və daha amansız şəkildə meydan suladığı İspaniyaya «gətirib», nə olsun ki balaca qızcığazın dirilməsini öz gözləriylə görüb zühur eləyənin həqiqətən Tanrının oğlu olduğunu düşünən kütlə və buna inanan Böyük İnkvizitor var. Bunların hamısı, necə deyərlər, vasitədir – dramaturji vasitə. Əsas məqsəd Tanrı Oğlu İsanın adı və mərhəmətiylə asket rahiblərin səhərdən-axşama, axşamdan-səhərə kimi ibadət elədikləri bir məkandan törəyib guya müqəddəs Pyotrun məzarı ətrafında qurulan Kilsənin sonunda nəyə çevrildiyini göstərməkdir. Əslində, nə qədər qeyri-adi səslənsə də, rəvayətə görə, İsanın da anlayıb başa düşdüyü «İnkvizitor həqiqəti»ni qəbul eləmək lazımdır. Axı, bütün dinlər bir gözləyişin, ümidin, kimlərinsə, nələrinsə nə vaxtsa gələcəyi inamının üstündə bərqərardır. İndi təsəvvür eləyin ki, xristianlığın əsrlər boyu gözlədiyi İsa zühur elədi. Belə olan halda kilsə sisteminə, papalığa daha nə hacət var? Onların yaşaması, mövcudluğu üçün İsa mütləq qeybdə qalmalıdır, yəni metafizik mənada olmamalıdır. Yəqin, rəhmətlik Nitsşe elə buna görə deyirmiş ki, Tanrı ölüb. Güman ki, Nitsşenin düşüncəsinə görə, insanlar bir olan Tanrını parçalayıblar, Onu ayır-ayrı dinlərə, peyğəmbərlərə, peyğəmbərlərin gətirdikləri ehkamlara qurban veriblər. Ancaq bizimkilər demişkən, gərək yüz İmama ağlayanda, bir Yezidə də ağlayasan. İnsan övladı bir olan Tanrının Yerdəki Hakimiyyətini pis-yaxşı tanıdana və yaradana kimi anadan əmdiyi süd burnundan gəlib, bəşəriyyət uzun əsrlər bunun üçün bir-birinin ətini yeyib. Barəsində söhbət gedən katoliklik də istisna deyil. Yəni, «Böyük İnkvizitor» İsaya «axı, niyə gəldin» deyəndə, özünə görə çox, lap çox haqlıydı…

Neronla savaşdan başlayan yol…

Çox əvvələ qayıtmağın, mənə elə gəlir, bir elə əhəmiyyəti yoxdur. Yəni, xristianların təqib olunduqları qədim Roma dövrlərini, Kaliqulanın, Neronun qanlı tamaşalarını xatırlatmağa lüzum görmürəm. Hə, bütün dinlər kimi xristianlıq da pərvəriş tapana qədər çətin bir yol keçməli olub. Bu barədə o qədər həqiqət və rəvayətlər var ki, sadalamaqla bitməz. Məsələn, məlum məsələlərdən danışanda Neronun dövründə baş vermiş bir olay həmişə yadıma düşür. Bilindiyi kimi, İmperatorun təşkil elədiyi qanlı tamaşalarda xristian qadınlarını və onların uşaqlarını vəhşi şirlərlə bir arenada baş-başa qoymaq ənənəsi geniş yayılmışdı. Deyirlər, belə tamaşaların birində Neronun cavan əsgərlərindən biri meydana buraxılmış xristian qıza necə aşiq olursa, özünü unudub arenaya çıxır və qurbanın üstünə şığıyan şirlə ölüm-dirim savaşına girib həlak olur… Nəysə, İsanın həvarilərinin yaydıqları xristianlıq bu cür zülmlərlə nəhayət qələbə çaldı və Romanın rəsmi dininə çevrilə bildi. Xristianlığın bugünkü institutlaşmış strukturlarının yaranma tarixinə baş vurmağımız xeyli vaxt apara biləcəyindən, qısaca olaraq xatırladım ki, hər şey səsli-küylü şəhərlərdən kənarda qurulan asket rahiblərin «yuvaları»ndan başladı. Bu adamlar inanclı xristianlar arasında özlərinin natiqlikləri, xarizmatik xüsusiyyətləri ilə seçilirdilər. Belə adamlar get-gedə böyük xristian icmalarının rəhbərlərinə çevrilməyə başladılar və keşişlər, pastorlar yarandı. Beləliklə, yepiskopların rəhbərliyi ilə ilkin kilsə təşkilatları pərvəriş tapdı. Təbii ki, ilk dövrlərdə bu mərkəzlər yalnız dini xarakter daşıyırdılar və fərqlilik yalnız ayrı-ayrı mərkəzlərə rəhbərlik eləyən yepiskopların xarakterlərindən, idarəetmə xüsusiyyətlərindən, mərkəzlərdə formalaşmış qaydalardan qaynaqlanırdı. Məsələn, vaxt baxımından orta əsrlər təsvir olunsa da, Umberto Ekonun «Qızılgülün adı» əsərində bir kilsənin idarəetmə üsulunu, daxili nizam-intizam qaydalarını xatırlamaq kifayətdir ki, bu barədə xeyli təsəvvürə malik olasan…

Kilsəni kilsə eləyən…

Kilsələrin həm kütlə, həm də dövlət yanında güc mərkəzlərinə çevrilməsində ilkin və əsas faktorun nədən ibarət olması barədə müxtəlif fikirlər var. Əgər Ernest Renan bunu tarixin gedişatına və fərdlərə bağlayırdısa, İppolit Ten daha çox ictimai-sosial münasibətləri önə çəkir. Mən böyük Çaadayevin fikrinə daha çox önəm verirəm. Rus filosofunun qənaətinə görə, əsas faktor kilsə xadimlərinin əmlak və sahiblik barədə bütpərəst görüşləri xristianlığın mənəvi ehkamlarına çevirmələrindən ibarətdir. Həqiqətən, bu məsələdə qədim yepiskoplar lap dələduzluq eləyiblər. Bütpərəstliyə görə, əgər hər şey ayrı-ayrı tanrılara məxsus idisə, yepiskoplar təbliğ edirdilər ki, indi artıq Yer üzündə nə varsa, hamısı bir olan Tanrıya, oğlu İsaya, daha doğrusu, Onun yerdəki hakimiyyətini həyata keçirən Kilsəyə məxsus olduğundan bunlara kimsə qəsb eləyə bilməz. Hakimiyyət kultunun mütləq mənada iyerarxiya tələb eləməsi heç kəsə sirr deyil. Beləcə, kilsələrdə tədricən iyerarxiya formalaşmağa başladı. Bax, məhz bu ehkam ayrı-ayrı kilsələrin, ardından xristianlığın sonrakı inkişafını şərtləndirən əsas amil oldu. Bu şərt kilsələrə hakimiyyət sahibi statusu verməklə yanaşı, həm də onların arasında daha çox əmlak əldə eləmək uğrunda gizli mübarizənin başlanmasına gətirib çıxardı. Bu mübarizədə Roma İmperiyasının ən ucqar əyalətlərində fəaliyyət göstərən çoxsaylı belə icmaların uzunmüddətli mübarizələri sonucda Roma icmasının qələbəsiylə nəticələndi. Bu qələbənin əldə olunmasında Roma icmasının dünyəvi gücü və əmlak bolluğunun nə qədər rolu oldusa, bir o qədər də müqəddəs Pyotr barədə doğruluğu, yalanlığı bilinməyən əhvalatın rolu oldu.


Məsələ bundadı ki, hələ IV əsrdən üzü bu yana Roma icmasını İsanın həmin məşhur həvarisinin qurduğu barədə məlumatlar vardı. İncildə məsələylə bağlı hər hansı informasiya olmasa da, qədim müəlliflərin bir çoxları Pyotrun həqiqətən Roma icmasının banisi olduğunu dəfələrlə yazıblar. Bundan əlavə, əfsanəyə görə, guya Roma torpağında Pyotr da daxil bir çox xristian əzabkeşlərinin qanı daha çox töküldüyündən, bu qanı yumaq üçün xristianlığın mərkəzi məhz həmin torpaqda olmalıdır. Necə deyərlər, hansı xalq, hansı torpaq ki, xristianlığa daha çox asi olub, indi canı çıxıb xristianlığın dayağına və baş müdafiəçisinə çevrilməlidir. Nəhayət, ən əsası, Roma icması iddia edirdi ki, Pyotrun məzarı şəhərin qərb tərəfində, Tibr çayının sağ sahilində yerləşən Vatikan təpəliyində yerləşir. Bu həmin təpəlik idi ki, üstündə 15-ci əsrdə tikintisi yüz il sürəcək məşhur İsa əshabəsinin adını daşıyan Müqəddəs Pyotr Kilsəsi tikiləcəkdi. Beləcə, dünyəvi gücünün və varının, bir də erkən xristianlığın xatırlatdığımız üç ehkamının səbəbinə Roma İcması Vatikanı artıq kifayət qədər yayılmış xristianlığın mərkəzinə, dünya xristianlarının üz tutacaqları məkana çevirmək yoluna qədəm qoydular. Bundan sonra Roma icmasının icmadan dini mərkəzə çevrilməsi prosesi başladı. Əvvəlcə yepiskoplar yuxarıda xatırlatdığımız məsələlərə görə özlərini digərlərindən fərqləndirən xüsusi status, titul tələb etdilər. Bunun ardından onlar hakimiyyətlərinin yetişə biləcəyi bütün ərazilərdə özlərinin tərtib elədikləri vahid xristian ayinlərinin yerinə yetirilməsinə çalışdılar və buna nail oldular.

Artıq Roma yepiskopu qısa müddətə bütün Appenin yarımadasında və ona yaxın olan adalarda söz sahibinə çevrilmiş, iradəsinin yürüdüyü yerlərdə keşişləri vəzifələrindən uzaqlaşdırmaq və vəzifəyə təyin eləmək hüququnu əldə eləmişdi. Sonradan bütün Roma yepiskoplarının çağırıldığı və yunan dilindən tərcümədə «ata» mənasını verən «papa» sözünün isə konkret olaraq nə vaxtdan işlənməyə başladığı dəqiqliyi ilə məlum olmasa da, hələ xristianlığın ilk əsrlərində bütün yepiskoplara, keşişlərə, qısası, xeyir-dua vermək səlahiyyəti olan din adamlarına «papa» deyə müraciət edildiyi faktdır. Belə bir fərziyyə var ki, hətta IV əsrdə də bəzi yepiskoplara «papa» deyirmişlər. Ancaq VII əsrdən etibarən «papa» adından istisnasız olaraq yalnız Roma yepiskopları istifadə eləməyə başladılar ki, bu da həmin yepiskopluğun digərlərindən üstünlüyünün rəsmi bir nümunəsi idi.


Lateran sarayında yaşayan papalar üçün artıq nə əmlak, nə də torpaq problem idi. Necə deyərlər, insanlar Tanrının oğlu İsanın Yerdəki nümayəndəsinə, Müqəddəs Pyotrun varisinə əllərindən-ətəklərindən nə gəlirdisə, əta eləyirdilər. Beləcə, o dünyasını düşünənlərin hesabına papalara əvəzsiz olaraq iri torpaq sahələri verilirdi. Papalar da öz növbələrində dinc oturmur, yeni torpaqlar əldə eləmək üçün «maraqlı» və sərfəli əməliyyatlar həyata keçirirdilər. Tutaq ki, hansısa kəndli müəyyən tələbatı üçün Kilsəyə müraciət edir. Əlbəttə, İsanın adından həmin kəndliyə kömək edilirdi, ancaq gərək kəndli də bu «təmənnasız yardım»ın əvəzinə öz torpaq sahəsini Kilsəyə vəsiyyət eləyəydi. Beləliklə, kəndli öləndən sonra girovdakı torpaq birdəfəlik Kilsənin sərəncamına keçirdi. Beləcə, ildən-ilə Kilsə həm Roma ətrafında, həm də Siciliyada xeyli torpaq sahəsi əldə eləyə bildi.

Rus filosofu Vladimir Solovyov yazırdı ki, xristianlıq heç zaman dölsüz, spiritualist din olmaq yolunu tutmayıb: «Əgər o, yalnız zahidliyi, cəmiyyətdən və tarixdən qaçışı təbliğ, təklif eləsəydi, tarixdə heç bir rol oynamazdı. Əksinə, xristianlıq və xristian Kilsəsi, ələlxüsus papalıq bəşəriyyət tarixində gedən proseslərlə sıx bağlıdır».

Məhz bu xüsusiyyətinə görə, Kilsə get-gedə dünyəvi işlərə daha çox nüfuz eləməyə, papa isə yalnız Kilsənin deyil, həm də dünyanın ağası olmağa çalışır. İş o yerə gəlib çatır ki, papalar artıq özlərinə tabe olan hərbi dəstələr təşkil eləməyə, baş qaldırmış kəndli üsyanlarında hökmdarların hərbi qüdrətlərindən yararlanmağa başladılar. Vaxt ötdükcə, papalar İsanın mərhəmətindən qurtulub özlərini hökmdarların mərhəmətinə verməyə başlayırlar. Beləcə, 756-cı ildə frankların kralı Gödək Pipinin Papa II Stefana Roma vilayətini hədiyyə eləməsiylə xristian dünyasının Vatikan tarixi başladı. Düzdü, «Gödək» bu torpaqları o biri dünyada «rahat» yer üçün deyil, taxtdan salınan Merovinq kralı Hilderikə görə vermişdi. Axı, Hildrek Kilsənin əliylə aşırılmışdı…

Hə, azacıq qabağa gedərək qeyd eləyək ki, yaxşı günlərində papanın torpaqları bütün İtaliya ərazisi boyu keçmək şərtiylə Adriatik dənizindən başlayıb düz Aralıq dənizinə qədər 3 milyon insanın yaşadığı 16 min kvadrat millik ərazini əhatə edirdi… Və bu ərazilər deyildiyi kimi, qətiyyən heç də İsanın mərhəməti ilə qazanılmamışdı. Hələ nə yazmışıq? Siz Müqəddəs Pyotrun məzarı üstündə qurulan Vatikandan dünyaya meydan oxuyan papaların orta əsrlərdə qurduqları eyş-işrətlərindən, İsaya yaraşmayan əməllərindən, bic oğullardan, bu oğulların yaramazlıqlarından danışın. Bacadan ağ tüstü əbəs yerə çıxmır ki…

(davamını gözləyin...)
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317

Oxşar yazılar