Ərdoğan-Obama görüşündə Suriya ilə bağlı tarixi qərar
21 sentyabr 2011 10:39 (UTC +04:00)

Ərdoğan-Obama görüşündə Suriya ilə bağlı tarixi qərar

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də Türkiyə vaxtı ilə 23:55 radələrində başlayan görüş 1,5 saat çəkib.

Görüşdən sonra mətbuat konfransı keçirən Rəcəb Tayyib Ərdoğan deyib ki, Barak Obama ilə terrorla mübarizə, Suriya, İsraillə münasibətlər, Fələstin və Kipr problemləri müzakirə olunub. Türkiyənin baş naziri ABŞ ordusunun İraqdan çəkilərkən əlindəki silahı kimlərə verəcəyi məsələsinin də Ankaranı maraqlandırdığını bildirib. O qeyd edib ki, PKK ilə mübarizə sahəsində Türkiyənin istəklərinin siyahısı Barak Obamanın nəzərinə çatdırılıb. Ərdoğan Suriyaya qarşı atılacaq addımlara da toxunub: “Hazırda Türkiyə Suriya hakimiyyəti ilə münasibətləri, müzakirələri dayandırmış vəziyyətdədir. ABŞ-ın Suriyaya qarşı həyata keçirməyə başladığı sanksiyalar var. Bu sanksiyaların nələr ola biləcəyi ilə bağlı Türkiyə və ABŞ xaric işlər nazirlərinə tapşırıqlar verdik. Sanksiyalar Liviyaya tətbiq edilən kimi olmaya bilər, sanksiyalar hər ölkəyə görə dəyişir. Geniş müzakirə aparılacaq. Suriyalıların qaldığı Hataydakı düşərgəyə mən də gedəcəyəm”.

Ərdoğan “Mavi Mərmərə” olayını da Barak Obama ilə müzakirə etdiklərini qeyd edib: “Beynəlxalq sularda gəmiyə qarşı həyata keçirilən hücuma qarşı etirazımızı haqlı sayırlar. Ancaq indiyə qədər ABŞ-ın qanuni dəstəyini görmədik. İsrail üzr istəyənə, təzminat ödəyənə və Qəzzanın blokadasını qaldırana qədər iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil. Bu mövqeyimizi davam etdirəcəyimiz qarşılığında Barak Obama fərqli mövqe göstərmədi. İsraillə bağlı Türkiyəyə “bunu etməyin” demək durumunda deyil, çünki haqlı olduğumuzu bilir”.

Türkiyənin baş naziri Şərqi Aralıq dənizində neft və qaz yataqlarının axtarışına başlayan Cənubi Kiprə analoji şəkildə cavab veriləcəyini də vurğulayıb: “Resurslarda Şimali Kiprin də payı var. Qarant ölkə kimi bu haqların qorunması ilə bağlı hər cür dəstək verəcəyik. Bu axşam, ya da sabah biz də dənizdə neft və qaz yataqlarının axtarışına başlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar