Dünyanın maraqlı Fəxri Qarovulları -
31 avqust 2011 13:27 (UTC +04:00)

Dünyanın maraqlı Fəxri Qarovulları -

0
Müasir dövrdə hərb ənənələrinə diqqət yetirən ölkələrdə Fəxri Qarovulların təşkili, qarovul bölmələrinin formalaşdırılması milli hərbi adət-ənənələr çərçivəsində həyata keçirilir. Bu baxımdan da bir sıra ölkələrin Fəxri Qarovulları özəllikləri ilə digərlərindən seçilir. Maraqlı geyimləri, addımları, fərqli xüsusiyyətləri ilə qarovullar bu gün də kütlələrin marağına səbəb olmaqdadır.

Dünyada ən maraqlı Fəxri Qarovul qrupu Yunanıstanın məşhur “Evzon”larıdır (“Əfsun”). Qadın paltarına bənzər mini geyimləri, topa saçaqlı ayaqqabıları, hündür addımları ilə maraq doğuran bu qrup əsasən rəsmi dövlət tədbirlərində iştirak edir. Süngülü “M1 Garand” karabini ilə silahlanmış “Evzon”ların fustanella adlanan paltarlarında 400 qırış var ki, bu da Osmanlı dövlətinin Yunanıstan üzərindəki 400 illik hakimiyyətini unutmamaq üçündür. “Evzon”un saruxi adlanan ayaqqabısının burnu yun iplərlə bəzənir ki, bunun bir cütünün çəkisi 5 kq-dan çoxdur. “Evzon”lar hərəkət edərkən addımlarını həddən artıq yüksəkdən atırlar ki, bu da xarici baxışdan onların adətən uçmaları təsirini bağışlayır. Hazırda Yunanıstanın Prezident Qvardiyasında bir bölük - 180 “Evzon” var. “Evzon” bölüyünə yalnız Yunanıstanın materik ərazisində doğulanlar (adalarda doğulanlar yox) qəbul edilir.

Fəxri Qarovulla bağlı ən maraqlı faktlar sadaladıqda Rusiyanın keçdiyi yol və faktlarına xüsusi toxunmaq lazım gəlir. Birinci Pyotr dönəmindən Rusiya Fəxri Qarovulların təşkilinə başlayıb və bununla bağlı xüsusi alay formalaşdırılıb. Rusiyada hərbi qarovulun addım qaydaları ilə bağlı qərarı isə imperator Birinci Pavel qəbul edib. O, burada Prussiya ordusunun təcrübəsini tətbiq edib. Sovetlər dönəmində isə Çar Rusiyasının ənənəsi davam etdirilib. SSRİ-nin ən ciddi və seçilmiş Fəxri Qarovul Qızıl Meydanda Lenin Mavzoleyində dayanıb. Mavzoley qarovul qrupları ən ağır məşqləri keçib. Əsgərlər xüsusi hazırlıq keçib, sərt sıra addımı yerinə yetirib, qarovul yerdəyişməsi üçün saatlarla məşq ediblər. Bunun üçün hətta Mavzoleyin xüsusi taxta maketi də yaradılıb. Sovet qarovulları bədəni düz saxlamaqla 2 dəqiqə 35 saniyə ərzində 210 addım ataraq Spasski qapılarından Mavzoleyə çatmaqla eyni templə yeriş üzrə rekord vurublar.

Hazırda Rusiya ordusunun Fəxri Qarovulları dünyada nizami addımlar zamanı ayaqlarını ən hündürə, dəqiq və düz atan birlik hesab olunur. Hətta rus qarovulların ayaqlarını çənə ilə düz xətt boyu ata bildiyi söylənilir. Rus qarovulu baraban zərbəsi altında dəqiqəyə 100 addım atır.

Dünyanın ən maraqlı, dəqiq və elitar Fəxri Qarovulları ilə seçilən ölkələr sırasında İsveç də yer alır. İsveçdə Fəxri Qarovul fəaliyyəti Silahlı Qüvvələrin bütün bölmələri tərəfindən həyata keçirilsə də, elitar qarovul Life sərhədçi alayının (Livgardet) üzərinə düşür. Onlar kral sarayında fəxri qarovulu təşkil edirlər. İsveçə təyin olunan səfirlərin etimadnamələrinin qəbulu zamanı isə Fəxri Qarovulda Grenadierlər dayanır. İsveçdə Fəxri Qarovul bölməsi kral ailəsinin toylarını mühafizə etmək üçün 1860-cı ildə yaradılıb. Hər gün günorta saatlarında təntənəli qaydada mühafizəçilərin dəyişməsi keçirilir. İsveç qarovulları göy formaya və parıldayan polad dəbilqələr geyinmiş halda olur. Onların dəyişməsini isə hər gün Stokholm meydanlarında minlərlə sakin izləyir.

Geyim formasına görə ən maraqlı Fəxri Qarovullardan biri də Fransada jandarmadan təşkil olunmuş Respublika Qvardiyasıdır (Garde republicaine). Qvardiya Yelisey Sarayı, Fransa baş nazirinin iqamətgahı, Senat, Milli Məclis və digər yerlərin günlük mühafizəsini, həmçinin yüksək vəzifəli dövlət rəsmiləri, mühüm xarici qonaqlar üçün Fəxri Qarovul və təhlükəsizlik xidməti təşkil edir. Fəxri Qarovul adətən dislokasiya yerindən postuna at belində və ya piyada nizami addımlarla gedir. Onların geyiminin özünəməxsusluğu dəbilqəyə bərkidilmiş at quyruğudur. Fransa Fəxri Qarovulu Napaleon tərəfindən 1802-ci ildə yaradılıb.

Dünyanın ən maraqlı Fəxri Qarovulları sırasında İngilis Kral Qvardiyası yer alır. Onlar kral sarayının mühafizəsi, xarici dövlət rəsmilərinin qarşılanması, rəsmi mərasimlər və s. iştirak edirlər. Qırmızı mundirli, böyük, azərbaycanlıların “çoban papağı” adlandırdığı saçaqlı papaqda dayanan bu əsgərlər seçim zamanı çox çətin mərhələlərdən keçirlər. Seçimdə ilk növbədə hündür boylu və cüssəli insanlara üstünlük verilir. İngilis Fəxri Qarovulunun əsgərləri eyni zamanda güclü psixoloji hazırlıq keçirlər. Buna görə də onlar bəzən saatlarla gözlərini belə qırpmadan, “farağat” əmrində dayana bilirlər.

Portuqaliya Fəxri Qarovulları isə ilk baxışdan şəkillərdə gördüyümüz orta əsrlər Portuqaliya ordusunu xatırladır. Portuqaliyada Fəxri Qarovul xidmətini Respublika Qvardiyası təşkil edir. Prezident sarayında hər ayın üçüncü bazar günü, saat 11-də atlı hərbi orkestrin iştirakı ilə Fəxri Qarovulun təntənəli mərasimi keçir. Portuqal qarovulu qırmızı lələkli dəmir dəbilqələrə və dəmir geyimdə qəbullara çıxır.

Dünyanın cırtdan dövlətlərindən sayılan Monakoda fəxri qarovul knyazın sarayında dayanır və onların dəyişməsi hər gün saat 11:55-də həyata keçirilir. Orta əsr avropalı tacirlərinin geyimində olan bu qarovulun dəyişməsini hər gün minlərlə turist izləyir.

Cənub-Şərqi Asiyanın müsəlman ölkəsi olan Malayziyanın qırmızı geyimli fəxri qarovulları xidməti tapşırığı at belində icra edir. Onların geyimlərini ingilislərdən fərqləndirən isə dəbilqələridir.

Tailand kral sarayının ağ geyimli, qızıl düyməli qarovulları isə 100 il əvvəlki Moskva alayının leyb-qvardiyasının bənzəridir. Fərq isə onların dəbilqələrindədir.

Hindistan ordusunda isə Fəxri Qarovul Hərbi Hava Qüvvələrini təmsil edir. Qarovulda başlarında hind çalmalı zabitlər, kəmərlərinə saçaqlı dəsmal asılmış əsgərlər dayanır.

Dünya katoliklərinin mərkəzi və cəmi 800 əhalisi olan Vatikanın fəxri qarovulu 110 nəfərdir. Qarovul qvardiyası intibah dövrünün geyimini daşıyır. Qvardiyaya yalnız İsveçrə vətəndaşları, özü də bu ölkədəki alman kantonlarının sakinlərini cəlb edirlər. Qarovullara saqqal və bığlarını uzatmaq qadağandır. Qarovulun yalnız kapral və zabitləri xüsusi icazə ilə evlənə bilərlər. Bunun üçünsə onların həyat yoldaşlarının katolik olması lazımdır.

Kiçik ada dövləti olan Bəhreyn Krallığının Fəxri Qarvulu da milliliyi ilə seçilir. Ərəb geyimində əyri ərəb qılıncı ilə silahlanmış Bəhreyn qarovulu kənardan nizamsız bir bölüyü xatırladır. Qarovulun əsgərlərinin bir qismi bığlı-saqqallı, bir qismi isə saqqalsızdır. Bəhreyn Fəxri Qarovulunun özünəməxsus addımlama tərzi mövcuddur.

Uzun illər hərbi çevrilişləri ilə yadda qalmış, İkinci Dünya Müharibəsi dövründə faşistlərə simpatiyasını ifadə etmiş Çili ölkəsində o sevgi bu gün də yaşamaqdadır. Karabinlə silahlanmış, alman model dəbilqə, uniforma və rütbəli Çili fəxri Qarovulunu gördükdə, anidən Hitler ordusu göz önünə gəlir.

Uzaq Şərq ölkəsi Monqolustanın Fəxri Qvardiyası isə Çingiz xan ordusunun qiyafətini daşıyır. Ortada sinəbəndi olan qırmızı-göy rəngli uniformalı, orta əsr monqol ordusunun dəbilqəsini geyinmiş Monqolustan Fəxri Qarovulu xidmətə süngülü SKS tipli karabinlə çıxır.

Argentinada Fəxri Qarovul funksiyasını həyata keçirən Granaderos birliyi də özünəməxsus geyim formasına malikdir. Orta əsr Avropa ordularının mundirini geyinmiş, qarovul bölüyü xidməti funksiyasını atla yerinə yetirir.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2166

Oxşar yazılar