Qəddafi xalqa müraciət edib hücuma başladı
24 avqust 2011 10:47 (UTC +04:00)

Qəddafi xalqa müraciət edib hücuma başladı

Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, polkovnik Liviya paytaxtındakı dövlət iqamətgahından geri çəkilməsinin taktiki gediş olduğunu bildirib.

Qəddafi vəd edib ki, qalib gələnədək və ya şəhid olanadək qiyamçılara və NATO qoşunlarına qarşı mübarizəni sürdürəcək. Onun çıxışı “Əl-Orouba TV” telekanalının efiri vasitəsilə də yayımlanıb.

Bu arada “Əl-Ərəbiyə” telekanalı avqustun 23-də Tripoli uğrunda döyüşlərin gedişində 400-dən çox insanın öldüyü, ən azı 2000-inin yaralandığı barədə xəbər yayıb. Bu barədə telekanala üsyançı qüvvələrin nümayəndələri məlumat verib. Tripolidə talanlar da başlayıb. Üsyançılar bildirib ki, Qəddafi əleyhdarlarının nəzarəti altında olan Misurata şəhəri raket atəşinə məruz qalıb. Raketlər Liviya liderinə sadiq qoşunların nəzarətdə saxladığı Sirt şəhərindən buraxılıb.

Daha öncə üsyançıların Tripolinin Bab əl-Əziziyə rayonundakı Qəddafinin iqamətgahını ələ keçirdikləri barədə xəbərlər yayılıb. Həmlə NATO aviasiyasının dəstəyilə həyata keçirilib. Hava hücumu nəticəsində kompleksə onlarla aviazərbə endirilib. Polkovnik Qəddafinin özü ələ keçirilən iqamətgahında olmayıb. Onun oğlu Seyf əl-İslam isə jurnalistlərə deyib ki, atası Tripolini tərk etməyib.

Digər tərəfdən, Liviya liderinin qoşunları Tripolinin qərbindəki Acelat şəhərinə hücuma başlayıblar. “Əl-Ərəbiyə” telekanalının məlumatına görə, hücumun zamanı tanklar və raket qurğularından istifadə olunur. Digər təfərrüatlar açıqlanmır.
# 529

Oxşar yazılar