Kabildəki terror aktında ölənlərin sayı 12 nəfərə çatdı
19 avqust 2011 17:32 (UTC +04:00)

Kabildəki terror aktında ölənlərin sayı 12 nəfərə çatdı

0
Bu gün səhər saatlarında “Taliban” silahlılarının Əfqanıstanın paytaxtı Kabildə Böyük Britaniya Şurasına və BMT təmsilçiliyinə hücumun təfərrüatı açıqlanıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Böyük Britaniya Şurasının binasına hücum 3 mərhələdə həyata keçirilib.

Səhər saat 5:30 radələrində terrorçu-kamikadze özünü binanın önündə partladıb. 10 dəqiqə sonra Böyük Britaniya Şurasının həyətində bomba yüklü avtomobil partladılıb. Böyük Britaniya Şurasından insanların evakuasiyası başlayan anda isə pulemyot və qumbaraatanla silahlanmış 9 “Taliban” üzvü dağılmış hasardan binaya daxil olub. Daha sonra əraziyə əfqan polisləri və Böyük Britaniya qoşunlarının bölmələri gəlib, atışma başlayıb.

Silahlılar hələ də Böyük Britaniya Şurasının binasındadırlar. Kabil polisinin təmsilçisi Xaşmatulla Stanikzaya deyib ki, binada xaricilər olduğu üçün polis və hərbçilər qəti hücuma keçmirlər. Onun sözlərinə görə, Böyük Britaniya Şurası Böyük Britaniya səfirliyinin tərkibinə daxil deyil və bu səbəbdən də terrorçular güclü qorunmayan bu binanı hədəf seçiblər.

İlkin məlumatlarda 3 nəfərin öldüyü bildirilsə də, ölənlərin sayının 12 nəfərə çatdığı dəqiqləşib. Həyatını itirənlərin 8-i əfqan polisidir. 15 nəfər yaralanıb. Taliblərin hücumu zamanı koalisiya qüvvələrinin 1 hərbçisi də öldürülüb. Onun milli mənsubiyyəti açıqlanmır.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən “Taliban” Hərəkatının təmsilçisi Zabiulla Mucahed “Reuters” agentliyinə açıqlamasında deyib ki, Əfqanıstan britaniyalılarla mübarizə apararaq 92 il əvvəl məhz bu gün müstəqilliyini qazanıb: “Buna görə də hücum üçün məhz bu gün seçildi. “Taliban” həm Əfqanıstan, həm də Böyük Britaniya hökumətinə mesaj göndərmək niyyətindədir. Biz onlara xatırladırıq ki, biz yenə də bütün xaricilərin, xüsusən britaniyalıların asılılığından azad olacaq, müstəqillik qazanacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 636

Oxşar yazılar