Tehranın qulağı və gözü  Qərbdədir... - ŞƏRH
16 avqust 2011 14:20 (UTC +04:00)

Tehranın qulağı və gözü Qərbdədir... - ŞƏRH

0
Beynəlxalq ictimaiyyətin təmsilçiləri atom-nüvə proqramına dair Tehran hakimiyyəti ilə danışıqları hələ də bərpa etməyib. Buna səbəb, İranın uranın zənginləşdirilməsini dayandırmamaqla vasitəçilərin şərtlərini yerinə yetirməməsi olub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano bu il mayın 6-da İran Atom Enerjisi Təşkilatının sədri Firidun Abbasiyə məktub yazaraq, ondan bu barədə izahat verməsini, agentlik müfəttişlərinin bütün nüvə obyekt və təsisatlarla yaxından tanış olmasına, onların nüvə avadanlıqları, bu sahədə çalışan şəxslər, həmçinin İranın nüvə fəaliyyəti ilə bağlı bütün sənədləri nəzərdən keçirilməsi üçün şərait yaradılmasını istəmişdi.

İranın AEBA-dakı nümayəndəsi Əli Əsğər Sultaniniya ötən gün jurnalistlərə açıqlamasında agentliyin İrana qarşı hazırlanan son hesabatındakı ittihamları rədd edib: «Bu hesabatda əsassız və şübhə dolu əvvəlki yorucu iddialar təkrar olunub».
Tehran hakimiyyətinə olan bu inamsızlığı aradan qaldırmaq üçün Moskva yenidən «iş başındadır».
Ötən gün Rusiya təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehrana səfər edib. O, iranlı həmkarı Səid Cəlili ilə görüşüb. Bu görüş, danışıqların ilkin mərhələsi kimi dəyərləndirilir.
Görüşdən öncə rusiyalı katib deyib: «Bu həftə Rusiya dünyanın aparıcı hərbi, iqtisadi gücləri ilə İran arasında danışıqların bərpası üçün yollar aramaq niyyətindədir». Ehtimal olunur ki, Kreml Tehrana problemin həlli istiqamətində «addım-addım» layihəsini təklif edib. Bu səbəbdən, cari ilin əvvəlində İstanbul görüşündən sonra danışıqların kəsilməsi fonunda Rusiyanın layihəsini irəliyə addım sayanlar da var.
Türkiyədəki danışıqlardan sonra Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Marqaret Eşton İranın nüvə proqramı ilə bağlı danışıqların dayanmasından təəssüfləndiyin gizlətməyərək, demişdi ki, Tehranın «təklifləri qəbuledilməzdir». K.Eştonun sözlərinə görə, hazırda tərəflər arasında danışıqların növbəti mərhələsi planlaşdırılmır: «Altılıq» nüvə proqramı ilə bağlı İranın mövqeyindən məyus olub. Qərbin vəzifəsi Tehranı atom proqramını davam etdirməyə qoymamaqdır».
Xatırladaq ki, İranın nümayəndə heyəti İstanbul görüşündə ilkin şərt kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr edirdi
Qeyd edək ki, «addım-addım» layihəsinə bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşdə toxunmuşdu.
Bu layihəyə görə, Rusiya İranın atom-nüvə proqramına beynəlxalq ictimaiyyətin şübhəli münasibətini mərhələlərlə aradan qaldırılmasını təklif edir.
«İRNA»-nın məlumatına əsasən, Cəlili ilə Patruşev Tehranla Moskva arasında ikitərəfli münasibətlərin genişləndirilməsini, eləcə də bölgədə və beynəlxalq aləmdə baş verən dəyişiklikləri müzakirə ediblər. Danışıqların ikinci mərhələsi bu gün davam edəcək.

Bu gün isə İranın xarici işlər naziri Əliəkbər Salehi Moskvaya yola düşüb. O, Rusiya paytaxtında həmkarı Sergey Lavrovla ölkəsinin atom-nüvə proqramını müzakirə edəcək. Görüşün sabah başa çatacağı planlaşdırılıb.
Qərblə danışıqlarla bağlı Rusiyanın təklifini dəyərləndirən İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Hüseyn Nəqəvi-Hüseyni deyib ki, İran ruslara onların təkli etdiyi planı qəbul etdiyini, ancaq bu yöndə hələlik heç bir əməli addım atmayacağını bildirib: «Rusiyanın qərbli müttəfiqləri «addım-addım» planını dəstəkləsələr, onda əvvəllərdə olduğu kimi, İran sanksiyaların yumşaldılması qarşılığında onlarla əməkdaşlıq etməyə və AEBA-ya vacib məlumatları verməyə hazırdır».
Rusiya «addım-addım» layihəsini müzakirə etməklə yanaşı, İranın qarşısında götürdüyü bir öhdəliyə hələ də əməl etməyib. Bu, Buşəhr Atom Elektrik Stansiyasının işə salınmasıdır. Tərəflər stansiyanın istismara hazır olduğunu bəyan etsələr də ötən iki il ərzində onun fəaliyyətə başlaması gecikdirilir.
Maraqlı məsələlərdən biri də odur ki, Buşəhr AES-lə bağlı problem Rusiya-İran danışıqlarında müzakirə edilmir.
Avqustun əvvəlində stansiyanı tikən «Rosatom» İrandan AES-in işə başlamasının təxirə salınmasını istəmişdi. Halbuki İran rəsmiləri elektrik enerjisi istehsal edəcək bu müəssisənin avqusta işə düşəcəyini bəyan etmişdilər. Elə cari il iyunun 27-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, 2011-ci ilin avqustunda AES elektrik enerjisi istehsalına başlayacaq.
Yada salaq ki, 1995-ci ilin yanvarında Rusiyanın «Zarubejatomenerqostroy» şirkəti ilə İranın Atom Enerjisi üzrə Təşkilatı stansiyanın birinci blokunun tikintisinin başa çatdırılması ilə bağlı müqavilə imzalamışdı. 1998-ci ilin fevralında Rusiya ilə İranın uyğun qurumları arasında imzalanmış müqaviləyə əsasən, Moskva AES-in təkcə avadanlıqla təchiz olunmasına deyil, eləcə də stansiyadakı bütün tikinti işlərinin başa çatdırmağı öhdəsinə götürüb. Bu müddət ərzində Rusiya çeşidli bəhanələr, səbəblərlə stansiyanın istismarını təxirə salıb.
Bu baxımdan, Buşhərin işə düşməməsi ilə bağlı rusların davranışını İran hakimiyyəti də başa düşür. Daha doğrusu, tərəflərə Rusiyanın hamıdan güclü olmadığı bəllidir. Odur ki, rəsmi Tehrana Qərbdən yaxın görünən Moskva ilə İslam Respublikası rəhbərliyinin razılaşacağı ehtimalı çox deyil. Başqa sözlə, İran hakimiyyəti Qərbin sözünü deyən Moskva ilə hesablaşmaqdansa, qərblilərlə anlaşıb daha çox güzəşt əldə edə bilər. Çünki bu məsələnin həllində Kremlin üstünlüyü perspektivdə Rusiyanın bölgədə nüfuzunun artmasına səbəb ola bilər. Ona görə də İran hakimiyyəti ruslarla danışıqlar apardığı bir halda qulağı və gözü Qərbdən yeni təkliflər gözləyir. Mövcud müzakirələrin isə vaxtı uzatmağa xidmət etdiyi də istisna edilmir…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 722

Oxşar yazılar