İranlı general kimə və niyə hücum edir? - ŞƏRH
11 avqust 2011 10:17 (UTC +04:00)

İranlı general kimə və niyə hücum edir? - ŞƏRH

0
Bu ölkənin rəsmi informasiya vasitələrinin yaydığı məlumata əsasən, İran silahlı qüvvələrinin baş qərargah rəisi, general Seyidhəsən Firuzabadi Azərbaycan prezidentini hədələyib.

O, ölkədə «islam oyanışının qarşısının alınmayacağına əmin olmaq istədiklərini» söyləyib: «Azərbaycan Respublikasında islama qarşı bəzi hərəkətlər edilməkdədir. Bəzi müsəlman ölkələri ilə əlaqələrimiz olduğu halda təəssüflər olsun ki, onların qapılarını sionistlərə (İsraili nəzərdə tutur - S.S.) açdığını və islamın bir sıra ehkamlarını yasaqlayan addımlar atır.

Azərilərin könlündə yatan aslanın uca islam dini olduğunu və insanların islama aşiq olduqlarını hər kəs çox gözəl bilir.

Hörmətli İlham Əliyev iqtidarının güclənməsinə vəsilə ola biləcək bu məsələlərə diqqət etməsini umuruq. Yoxsa onu qara bir gələcək gözləyir».


Bunun ardınca Firuzabadi şiə-sünni münaqişəsinə, Səudiyyə Ərəbistanı ilə ABŞ əlaqələrinə və s. bu sayaq məsələlərə diqqəti çəkərək, dini savadını nümayiş etdirməyə çalışıb.

Son zamanlar bölgədə baş verənlərdən aydın olur ki, İranlı generalın bu iddialı çıxışı heç də islam təəssübünə dayanmayıb. Çünki bu ölkədə sünnilərin haqlarının tapdandığına dair çoxsaylı örnəklər var.

Elə bir müddət öncə Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imam cüməsi Mövləvi Əbdülhəmid “Came” məscidində çıxışı zamanı ölkədə sünni məzhəbli vətəndaşlara qarşı təzyiqlərə, ayrı-seçkiliyə son qoyulmasını tələb etmişdi.
Qeyd edək ki, bu əyalətdə əsasən milliyyətcə bəluc olan sünni məzhəbli müsəlmanlar yaşayır.
Mövləvi Əbdülhəmid deyib: «Sünni məzhəbli bəluc xalqının ölkə rəsmilərindən gözlədiyi odur ki, onların məzhəb azadlığına, öz dini vəzifələrini yerinə yetirməsinə hörmətlə yanaşılsın və bu yolda əngəllər aradan götürülsün. Ölkədə müxtəlif xalqların və məzhəblərin mövcudluğu ixtilafa səbəb olmamalıdır. Biz hamının xeyirxahlığını və bərabər hüquqluluğunu istəyirik. Biz ölkə Ana Yasasında tanınan hüquqlarımıza qoyulan məhdudiyyətlərin vahiməsi altında yaşamamalıyıq. Biz istəyirik ki, özümüzə məxsus dini mədrəsələr fəaliyyət göstərsin, sərbəst şəkildə öz məzhəbimizi təbliğ etməyimizə imkan verilsin.
Şiələrlə sünnilərin bir-birinə qardaş olduğunu nəzərə alaraq biz istəyirik ki, onlar arasındakı hüquq bərabərliyinə riayət edilsin və məzhəbindən asılı olmayaraq hamıya bir gözlə baxılsın. İranın müxtəlif sərhəd zonalarında yaşayan sünnilər bu vətən və ölkənin müdafiəsi uğrunda qurbanlar veriblər. Elə buna görə də, bizim umacağımız odur ki, sünnilərə qarşı hər hansı ayrı-seçkilik ortadan qaldırılsın və ədalətə riayət edilsin.
Sünni əhlinin hakimiyyətdən gözlədiyi odur ki, onların da balaları silahlı qüvvələrdə işə götürülsün və onlar da öz vətənlərinin torpağını və müstəqilliyini müdafiə edə bilsinlər. Hazırda İran islam inqilabının bərqərar olunmasından 32 il keçsə də, təəssüflər olsun ki, bizim tələblərimizin heç biri yerinə yetirilməyib. Ölkədə hələ də təəssübkeşlik və ayrı-seçkilik davam edir. Yazıqlar olsun ki, rəsmilərimiz dildə iddia etdikləri qardaşlıq, ədalət və nisbi bərabərliyi bərqərar edə bilməyiblər. Biz sünnilər milli birlik və təhlükəsizliyimizin qorunması üçün həmişə dözmüşük və həmişə belə bir ümidlə yaşamışıq ki, bizə qarşı olan bu təzyiq və ayrı-seçkiliyə nəhayət bir gün son qoyulacaq. Daha doğrusu, biz sünnilərə təzyiq ediləcəyini gözləmirdik».
İranda müsəlmanların haqlarının pozulduğuna dair bu sayaq məsələlərə çoxlu sayda örnəklər də göstərmək olar. Odur ki, generalın əsas niyyətinin heç də dinimizlə bağlı olmadığına aid bəzi mülahizələri yazmaq istərdik.
Heç kimə sirr deyil ki, Tehran hakimiyyətinin qıcıqlandıran əsas məsələ Azərbaycanın Türkiyə ilə səmimi və isti münasibətləri, habelə ABŞ-la əməkdaşlığı inkişaf etdirməsidir.
Son zamanlar Türkiyənin də Suriya prezidenti Bəşər Əsədə təzyiqləri artırması fonunda generalın əsl niyyəti ortaya çıxır.
«Associated Press»-in məlumatına əsasən, rəsmi Vaşinqton Bəşər Əsəddən prezident səlahiyyətlərinin icrasını dayandırmağı tələb etmək niyyətindədir. Suriyadakı rejimin başçısı etiraz aksiyalarını əzəcəyini bəyan etdikdən sonra Ağ Evin bunu tələb edəcəyi məlum olub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə son hadisələrə münasibətini belə bildirib: «Rəsmi Ankara Suriyada baş verənləri kənardan müşahidə etmək niyyətində deyil. Suriyada baş verən zorakılığa dözümümüz tükənib.

İndiyə kimi dözdük və gözlədik. Düşündük ki, danışıb vəziyyəti düzəltmək olar. Ancaq bizim dözümümüz son həddədir. Suriyada baş verənlərə kənar müşahidəçi kimi baxmağımız yolverilməzdir. Biz Suriyadan səslər eşidirik. Həmin səslərə cavab vermək bizim borcumuzdur. Suriyada baş verənlər bizim iç işimizdir».

Bundan başqa, avqustun 9-da Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Dəməşqdə Bəşər Əsədlə görüşüb. Ölkəsinə döndükdən sonra türkiyəli diplomat bildirib ki, Əsəd «öz xalqına qarşı zorakılığı dayandırmazsa», onun da taleyi Liviya lideri Müəmmar Qəddafinin taleyinə oxşayacaq.

Səfərdən öncə keçirdiyi mətbuat konfransında Əhməd Davudoğlu bu il martın 21-də Türkiyə hərbi hava limanlarından birinə məcburi endirilən İran təyyarəsi haqda məlumat vermişdi.

Xatırladaq ki, «YasAir Cargo Airlines» hava şirkətinə məxsus təyyarə Tehrandan Suriyaya uçurmuş. Yoxlama zamanı oradan yasaqlanmış «hərbi təyinatlı yük» aşkarlanıb.

Həmin yükə bunlar daxil olub : 60 ədəd «AK-47»-avtomat Kalaşnikov, 14 ədəd «BKC/Bixi» tipli pulemyot, avtomat və pulemyot üçün 8 min sursat, 60 mm çaplı 560 ədəd və 120 mm çaplı 1288 ədəd minaatan sursatı.

Başqa tərəfdən, Azərbaycanın ABŞ-la hərbi əməkdaşlığı gücləndirməsi, birgə hərbi təlimlər, silah və hərbi texnika alınması barədə danışıqların uğurla davam etdirilməsi ABŞ-ı sevməyənləri təbii olaraq qıcıqlandırır. Amerika ilə bu sayaq əməkdaşlığı həm də NATO ilə daha sıx əlaqə kimi də dəyərləndirmək olar.

Beləliklə, general Firuzabadinin çıxışının mahiyyəti bəlli oldu. Tehran hakimiyyəti Türkiyəyə qarşı birbaşa çıxış edə bilmədiyindən «islam ehkamları pozulur» adı altında Azərbaycanda pozuculuq fəaliyyəti göstərməklə, rəsmi Ankaraya təzyiq etməyə çalışır. Bununla da onların Suriyaya basqılarını azaltmağa səy göstərir.

Tehran ABŞ-la Azərbaycanın hərbi sahədə əməkdaşlığın genişləndirmək niyyətindən ciddi rahatsızdır. Elə Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərini xatırlatmaqla Firuzabadi bu vəziyyətin onların ürəyincə olmadığını bildirib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 825

Oxşar yazılar