Türkiyədən Suriyaya sərt ismarıc
08 avqust 2011 10:40 (UTC +04:00)

Türkiyədən Suriyaya sərt ismarıc

0
Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, suriyalı hüquq müdafiəçiləri bildirib ki, ölkənin Şimal-Şərqindəki Deyr əz-Zur şəhərinə hakimiyyət qoşun yeridib.

Şəhər hücum əməliyyatında 250-yə yaxın tank və zirehli maşınların da olduğunu söyləyirlər. Məlumata əsasən, ordu şəhərinə 9 çeşidli rayonuna girib. Top atəşi kəsilmir. Sakinlər küçələrdə barrikadalar quraraq, ordunun qarşısını almağa çalışır.

Bu hücum Suriya prezidenti Bəşər Əsədin BMT baş katibi Pan Gi Munla telefon danışığından sonra bir neçə saat baş verib. Qeyd edək ki, baş katib 3 ay idi onunla əlaqə saxlaya bilmirdi. Tərəflər arasında sonuncu telefon danışığı mayda olub. Daha doğrusu, Bəşər Əsəd Pan Gi Munun zənglərinə cavab vermirdi. BMT-nin başçısı Əsədi mülki vətəndaşlara qarşı hərbi gücdən istifadəni dərhal dayandırmağa çağırıb.

Uzun çək-çevirdən sonra, nəhayət, ötən həftənin ortalarında BMT Təhlükəsizlik Şurası Suriya hakimiyyətini dinc vətəndaşlara qarşı repressiyaları ittiham etdi. Məsələ ilə bağlı qəbul olunan bəyanatda hərbi əməliyyatların genişlənməsi pislənərək, hakimiyyətdən «zor tətbiqinin dayandırmaq» tələb olunub.

Bəyanatda rəsmi Dəməşq BMT-nin Ali Komissarlığının ofisi ilə əməkdaşlığa çağırılıb. ABŞ-ın BMT-dəki nümayəndəsi Süzan Rays jurnalistlərə deyib ki, beynəlxalq ictimaiyyət Suriyanı eyni mövqedən ittiham edir. Bir müddət öncə amerikalı diplomat demişdi: «Suriya hakimiyyətinin dinc etirazçılara güc tətbiq etməsinə İranında yardım etməsi haqda əlimizdə sübutlar var. Bu bizi rahatsız edir».

Çin və Rusiya yenə də təşkilatın qətnaməsinə qarşı çıxıb. Ancaq sənəd qəbul ediləndən bir gün sonra rəsmi Moskva Suriya prezidentinə xəbərdarlıq edərək, islahat aparmağı, hərbi əməliyyatları dayandırmağı məsləhət görmüşdü. Görünür, Kreml Dəməşqi dəstəkləməkdə suçlanacağından ehtiyatlanmağa başlayıb. Bundan başqa, Moskva Suriyada hakimiyyətə gələcək yeni qüvvələrdən də ehtiyatlanır. Rusiyanın indiki şəraitdə belə davranışı gələcəkdə tərəflər arasında əlaqələrə əngəl də ola bilər.

Hələ bir neçə ay öncə ingilis rəsmiləri bəyan etmişdi ki, Rusiya ənənəvi olaraq, ərəb dövlətlərindəki sosialist rejimlərə «çətirlik» edirdi. Suriyada isə 2 min rusiyalı hərbi müşavir çalışır. Dəməşqdən cənubda yerləşən Tartus limanında ruslar müasir hərbi-dəniz bazası yaradıblar. Bu, Rusiya donanmasının Aralıq dənizindəki yeganə bazasıdır.

Suriyadakı bu hərbi bazanın yardımı ilə də Moskva bölgədə varlığını qoruya bilir. Misir, İraq, Əlcəzair, Liviyadakı dəyişiklər Kremlin bölgədən sıxışdırılıb çıxarılması ilə nəticələnib. Bu baxımdan, Suriya onun sonuncu dayanacaqlarından biri də sayıla bilər.

Elə bu səbəbdən də onlar BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı sanksiyanın qəbulunu əngəlləyirlər. Əslində, Suriyadakı diktatura rejimini Rusiya, İran, «Hizbullah»la yanaşı, Çin də müdafiə etməkdədir.

Tehran isə ənənəvi olaraq, göstərdiyi pozuculuq əməllərini təkzib etməklə məşğuldur. Özünü sülhsevər göstərməyə çalışsa da, İran «əl izləri»ni gizlədə bilmir.

Digər tərəfdən, bölgədə qarışıqlıq İran rejiminə sərf də edir. Çünki o, belə qarışıqlı da müvəqqəti də olsa unudulur. Bu baxımdan, Tehran bu ölkədə daha çox iranyönlü qurumlarla görünməyə çalışır.

Livandakı «Hizbullah»ın Suriyada daha artıq fəallıq etdiyi haqda xəbərlər yayılmaqdadır.
Bu ölkənin informasiya vasitələrinin məlumatına əsasən, Suriyadan Livana qaçanlarla oradakı Bəşər Əsəd tərəfdarları arasında toqquşma baş verib. Son günlər Livanın Şimalına yüzə yaxın suriyalı ailənin sığındığı bildirilib. Onların bir hissəsi Livanın cənubuna doğru hərəkət edib. Ölkənin bu hissəsində isə livanlı əsədçilər çoxdur.

Münaqişənin yaranmasının başqa bir səbəbi suriyalı qaçqınların iş axtarmasıdır.

Livan parlamentində aprarcı «Hizbullah» fraksiyası kəskin tənqid olunub. Buna səbəb hizbullahçıların indiyə kimi Suriyada baş verən qan tökülməsinə münasibət bildirməməsidir. Fraksiyanın əl-Həriri Okab Sakar adlı üzvü təşkilatının bu addımın «şiə ənənələrinə xəyanət» adlandırıb: «Özünü imam Hüseyn yolunun davamçısı sayıb, Suriyada baş verənləri ittiham etməyənlərin özlərinə şiə deməyə haqqı çatmır».

Türkiyə də qonşusunda baş verənləri həssaslıqla izləməkdə və rəsmi Dəməşqi qan tökməkdən çəkindirməyə çalışır.

«Radio Svoboda»-nın məlumatına əsasən, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rəsmi Ankara Suriyada baş verənləri kənardan müşahidə etmək niyyətində deyil.

Onun sözlərinə görə, avqustun 9-da xarici işlər naziri Əhməd Davudoğlu Dəməşqə səfər edəcək. Türkiyəli diplomat Bəşər Əsədə ölkəsinin Suriyada baş verən zorakılığa dözümünün «tükəndiyini» bildirəcək.

«İndiyə kimi biz dözdük və gözlədik. Düşündük ki, onlarla danışıb vəziyyəti düzəltmək olar. Ancaq bizim dözümümüz son həddədir. Suriyada baş verənlərə kənar müşahidəçi kimi baxmağımız yolverilməzdir. Biz Suriyadan səslər eşidirik. Həmin səslərə cavab vermək bizim borcumuzdur. Suriyadakılar bizim iç işimizdir» - deyə, R.Ərdoğan bildirib.


Beləliklə, rəsmi Ankara bir neçə ay öncə Suriyaya islahatların aparılması ilə bağlı göndərdiyi ismarıcın davamını gətirməkdədir. Baş nazir Ərdoğanın sərt çıxışı bunu deməyə əsas verir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 603

Oxşar yazılar