Koreya İranın 5 milyardını vermir
04 avqust 2011 14:10 (UTC +04:00)

Koreya İranın 5 milyardını vermir

0
Lent.az-ın “Röyter”ə istinadən məlumatına görə, İranın Cənubi Koreya banklarındakı hesablarında olan 3,82 milyard dollar dondurulub. Seul rəsmiləri bildirib ki, bu vəsait ilin sonunadək 5 milyarda qədər artacaq.
İrana məxsus hesablar beynəlxalq sanksiyalara uyğun olaraq dondurulub. Bu yasaqlar ucbatından İslam Respublikası ilə neft alveri və onun pulunun ödənilməsi çətinləşib.
Cənubi Koreya ilə yaranmış bu problem Asiyanın başqa dövlətləri ilə yaşanmaqdadır. Çin islam Respublikası ilə nefti mübadilə ilə almağı planlaşdırır. Hindistan isə pulu ödəməyin yolunu araşdırır.
Hazırda İran neftinin üçdə birini Çin və Hindistan alır. Cənubi Koreya isə xam nefti ixrac edənlərin siyahısında 5-cidir. O, “qara qızıl”a olan ehtiyacının 9 faizini İrandan alır.
Xatırladaq ki, bir müddət öncə rəsmi Seulla İrana qarşı qadağalara qoşulmaqla bağlı danışıqlar aparılmışdı. Həmin müzakirələrdən sonra bildirildi ki, Tehran hakimiyyətinə qarşı sanksiyalara qatılacağı halda Cənubi Koreya 6 milyard dollar ziyana düşə bilər.
Ötən bir il ərzində rəsmi Seul Tehrana qarşı sanksiyaları davamlı olaraq dəstəkləyib. Təxminən bir il öncə Cənubi Koreyanın “KİA” avtomobil şirkəti BMT Təhlükəsizlik Şurasının 4-cü, sonuncu sanksiyasına uyğun olaraq, İslam Respublikasına avtomobil hissələri və avtomobil ixracını dayandırıb.
Mütəxəssislərin fikrincə, bu, İrana çox ağır zərbədir. Ötən il İrana idxal olunan avtomobillərin 40 faizi “KİA”-nın payına düşür.
Cənubi Koreya KİV-in məlumatına əsasən, rəsmi Seul sanksiya ilə bağlı qərara qəbul etdikdən sonra yerli xırda və iri şirkətlər İslam Respublikasına ixracatı ya tam dayandırıb, ya da əlaqələri dayandırıb.
Koreyanın ikinci ən iri avtomobil nəhəngi “Hyundai” hələlik İranla əməkdaşlıq etməkdədir. Müşahidələrə əsasən, yaxın zamanlarda ölkə rəhbərliyinin sanksiyasının onun da fəaliyyətinə təsir edəcəyi ehtimal olunur.
İranın “Cənubi Pars” qaz yatağında fəaliyyət göstərən Cənubi Koreyanın JS şirkəti İslam Respublikası ilə əməkdaşlığı dayandırdığını bəyan etmişdi. Bu şirkət ötən il 1 milyard 200 milyon dollarlıq müqavilədən çıxması ilə bağlı bəyanatı ABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyaları nəzərdə tutan qanunu təsdiqləyəndən dərhal sonra vermişdi
Hələ keçən il Cənubi Koreyanın POSCO poladtökmə şirkətinin baş direktorunun müavini Şin Cunq Sok İranın “İran xodrou” zavodunda olarkən bildirmişdi ki, sanksiyalar ölkəsi ilə İran arasında avtomobilquraşdırma sahəsinə təsir göstərməyib.
Şin Cunq Sok demişdi ki, ödənişdə yaranacaq problemi aradan qaldırmaq məqsədi ilə şirkətin adına Tehranda xüsusi bank hesabı açıblar. Ancaq baş verənlərdən göründüyü kimi, poladtökənlər üçün də ciddi problem yaranıb.

Cənubi Koreya beynəlxalq ictimaiyyətin qərarına əməl etdiyi halda, onların şimallı qardaşları barəsində bunlar söyləmək olmur.
Yayılan məlumatlara görə, BMT-nin tətbiq etdiyi sanksiyaları pozaraq, İran rəhbərliyi ballistik raketlərin istehsalına dair Şimali Koreya ilə davamlı olaraq, texnologiya mübadiləsi gerçəkləşdirir. Bu texnologiya üçüncü dövlətin yardımı ilə həyata keçirilir. Bəzi diplomatlar söhbətin Çindən getdiyini bildiriblər. Onlar rəsmi Pekinin davamlı olaraq, Tehrana və Pxenyana qarşı yasaqların tətbiqini əngəlləməsini buna örnək kimi göstərirlər.
Qadağan olunmuş ballistik raketlərin detalları müntəzəm surətdə Şimali Koreyanın “Air Koryo” İslam Respublikasının “Iran Air” şirkətləri vasitəsi ilə daşınır. Özəl olaraq, vurğulanıb ki, belə yüklərin daşınması üçün Şimali Koreya çarter yük reyslərinin gerçəkləşdirilməsinə üstünlük verir.
Rəsmi Tehran isə bu iddianı rədd edib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bu ilin aprelində açıqlama yayaraq, İranın “Milli” və “Sepah” bankları ilə əməkdaşlıq edən Şimali Koreyanın “East Land” maliyyə qurumuna a sanksiya qoyduğunu bildirmişdi. Bir müddət öncə İranın bu bankları Tehran hakimiyyətinin nüvə proqramı ilə əməkdaşlıq etdiklərinə üçün ABŞ –ın sanksiyalarına məruz qalıb.
Sözügedən bəyanatda qeyd edilib ki, Şimali Koreyanın “East Land” bankı İran İnqilab Keşikçiləri Qvardiyanın komandanlarına bank xidmətləri göstərməkdə günahlandırılıb: “East Land” bankı 2007 - 2008-ci illərdə silah ticarətilə bağlı Şimali Koreyadan İranın “Milli” və “Sepah” banklarına maddi vəsaitin nəqli üçün əsas kanallardan biri kimi rol oynayıb”.
Beləliklə, Cənubi Koreyanın sanksiyalara qoşulduğu müddətdə itirəcəyi maliyyə vəsaitinin böyük bir hissəsini İranın bu ölkədəki banklarda olan pulunun hesabına əldə edəcəyini ehtimal etmək olar. Odur ki, gələcəkdə İran hakimiyyətinin başqa dövlətlərin banklarındakı hesablarının da aqibətinin belə olacağı istisna edilmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar