Tehran Avropa Birliyinin çağırışına məhəl qoymur
01 avqust 2011 19:41 (UTC +04:00)

Tehran Avropa Birliyinin çağırışına məhəl qoymur

0
Tehran hakimiyyət yalnız atom-nüvə proqramında şəffaflığı təmin etməməsi ilə deyil, eləcə də insan haqlarını pozmasına görə, beynəlxalq ictimaiyyətin kəskin tənqidinə, yasaqlarına məruz qalır.
Ötən həftənin sonunda Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton məsələyə dair bəyanat verib: “AB ölüm hökmü icra olunan İranı, eləcə də başqa dövlətləri bu hökmün yerinə yetirilməsini dayandırmağa və bu məsələyə moratorium qoymağa çağırır”.
Xatırladaq ki, iyunda BMT-nin İnsan Haqları üzrə Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahidi İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisi təyin edib. 10 ilə yaxındır ki, bu vəzifə boş qalmışdı. Şura İranda müxalifətin təqib edilməsi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını da bildirib.
BMT Tehran hakimiyyətini xüsusi məruzəçi ilə əməkdaşlıq etməyə çağırıb.
İslam Respublikasının çeşidli qurumları məruzəçiyə qarşı çıxmaqdadır.
Elə təyinatdan sonra İran parlamentinin deputatları - Məhəmməd Kərim Abidi və Zöhrə İlahian jurnalistlərə açıqlamalarında Əhməd Şahidi qəbul etməyəcəklərini bildirmişdilər.

Ölkə məclisi insan hüquqları komitəsinin sədr müavini Məhəmməd Kərim Abidi demişdi: “Bizim komitə keçirdiyi bir neçə iclasda bu şəxs barədə müzakirələr aparıb. Onun ölkəyə buraxılmaması barədə qərar qəbul etmişik”.

Z.İlahian isə nümayəndə təyin etməsinin arxasında gizli və qərəzli siyasi məqsəd yatdığını vurğulamışdı: “Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahid müsəlman olsa da, onu qəbul etmək mümkün deyil. O, yalnız bir turist kimi İrana gələ, ölkənin müxtəlif tarixi və görməli yerlərini ziyarət edə bilər”.

Bu günlərdə isə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, rəsmi Tehran BMT-nin insan haqları üzrə özəl məruzəçisini ölkəyə buraxmayacaq. Onun sözlərinə görə, məruzəçinin təyini “siyasi və qanunsuz addımdır”.
Onu da vurğulayaq ki, İrana dair özəl məruzəçinin təyin edilməsi ilə bağlı məsələ bu il martın 24-də BMT-nin insan haqları şurasının Cenevrədə keçirilən sessiyasında qəbul olunub. İnsan haqlarını pozulduğu üçün həmin toplantıda İslam Respublikasına qarşı qətnamə də qəbul etmişdi. Onda şuranın 47 üzvündən 22-si qətnamənin lehinə, 7-si əleyhinə səs vermişdi. Rusiya, Çin, Pakistan da daxil olmaqla, 14 dövlətin təmsilçisi tərəfsiz qalmışdı.
İnsan haqları üzrə Şura BMT-nin İsan Haqları üzrə komissiya əsasında 2006-cı ildə təsis olunub. Şuraya üzvlər quruma üzv olan dövlətlərdən Baş Assambleyada seçilir.
BMT-nin açıqlamasına görə, İran İslam Respublikası 2005-ci ildən bu yana qurumun nümayəndələrini İrana buraxmır.
İran İnsan Hüquqları Beynəlxalq Kampaniyasının bildirdiyinə görə, 25 məhbus iyulun 3-də Kərəc şəhərindəki “Qızıl hasar” zindanında kollektiv şəkildə dar ağacından asılıb. Onlar narkotik maddələrin qaçaqmalçılığında suçlandırılıblar.
Kimlikləri açıqlanmayan məhbuslar ailə üzvləri, eləcə də vəkillərindən xəbərsiz edam ediliblər.
İyulun ortalarında İranda narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 30 nəfər dar ağacından asılıb. Məhbuslar iki mərhələdə, Məşhəd şəhərinin Vəkilabad zindanında asılıblar.
Edamın günü və saatı ölümə məhkum edilənlərin ailə üzvlərindən və vəkillərindən gizli saxlanıb və onlar əvvəlcədən bu barədə məlumatlandırılmayıb. Edam edilənlərin kimliyi barədə də məlumat yayılmayıb.
İyulun üçüncü ongünlüyündə narkotik maddələrin satışında və qaçaqmalçılığında, eləcə də cinsi təcavüzdə günahlandırılan 10 nəfər edam olunub.
Adam oğurluğunda və cinsi təcavüzdə günahlandırılanların 3-ü Kirmanşah şəhərinin “Azadlıq” meydanında, 3-ü isə Quçan şəhərinin zindanında dar ağacından asılıblar.
Narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər Rəfsəncan və Ciroft şəhərlərinin zindanlarında edam edilib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar