Balkan yarımadasında qan töküldü
27 iyul 2011 18:54 (UTC +04:00)

Balkan yarımadasında qan töküldü

Balkan yarımadasında qan tökülüb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Kosova xüsusi təyinatlı polis qüvvələrinin Serbiya ilə sərhəddə 60 min serbin yaşadığı Mitrovitse ətrafındakı nəzarət-keçid məntəqələrini ələ keçirmək cəhdi silahlı qarşıdurmaya yol açıb və Kosova xüsusi təyinatlı polis qüvvələrinin 1 əməkdaşı həlak olub.
Qeyd edək ki, Kosova hakimiyyəti iyulun 25-dən 26-na keçən gecə Serbiya ilə sərhəddə yerləşən, serblərin kompakt yaşadığı ərazidə 3 nəzarət-keçid məntəqəsinə nəzarəti ələ keçirməyə cəhd göstərib. Kosova xüsusi təyinatlı polisi nəzarət-keçid məntəqələrindən birini tutub. Bundan sonra serblər küçələrə çıxıb, əsas magistralı bağlayıb, digər iki nəzarət-keçid məntəqəsinə polisin daxil olmasına mane olublar. Serblər alban xüsusi təyinatlı polis qüvvələrinin tutduqları bir nəzarət-keçid məntəqəsindən də çıxmasını tələb ediblər.
Kosova hakimiyyəti serblərin sıx yaşadıqları bölgədəki qaçaqmalçılığın qarşısını almaq üçün sərhəd-keçid məntəqələrinə nəzarəti ələ almaq niyyətində olduğunu bəyan edib. Kosova prezidenti Atifete Yahyaga deyib ki, ölkəsinin şimal sərhədlərində qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığın qarşısını almaq üçün belə bir əməliyyat keçirmək məcburiyyətində qalıblar.
NATO-nun Kosovadakı qüvvələri gərginliyi aradan qaldırmaq üçün bölgəyə yerləşdirilib. Kosova xüsusi təyinatlı polis qüvvələri geri çəkilib. ABŞ və Avropa Birliyi Kosova hakimiyyətini beynəlxalq təşkilatlarla məsləhətləşmədən hərəkətə keçdiyinə görə tənqid edib. Avropa Birliyi bu əməliyyatla bağlı icazə alınmadığını açıqlayıb.
Xatırladaq ki, Kosova hakimiyyəti müstəqilliyini tanımadığı üçün idxalatında önəmli yer tutan Serbiyaya qarşı iqtisadi embarqo ilə bağlı qərar verib. Ancaq Kosovanın şimal bölgəsində yaşayan 60 min serb Kosovanın müstəqilliyini tanımır və paytaxt kimi Belqradı qəbul edirlər. Kosova hakimiyyəti və Qərbin bütün səylərinə baxmyaaraq, serblər mövcud durumun dəyişməsinə yol vermirlər. Serbiya hökuməti də bölgədəki serbləri açıq şəkildə dəstəkləyir. Kosova daxili işlər naziri Bayram Recepi deyib ki, bu embarqonu həyata keçirmək üçün əməliyyatı zəruri sayıblar.
Bu arada o da məlum olub ki, Serbiya və Kosova arasındakı son gərginliyi aradan qaldırmaq, Kosovanın şimalındakı serblərlə bağlı problemin həlli üçün Avropa Birliyi tərəflər arasında vasitəçilik etməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar