Qəddafi yenə “getməyəcəyəm” deyir
27 iyun 2011 17:27 (UTC +04:00)

Qəddafi yenə “getməyəcəyəm” deyir

Hollandiyanın Haaqa (Lahey) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Liviya lideri Müəmmər Qəddafinin həbsinə sanksiya verib.
APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bu barədə məhkəmənin hakimi Sanji Mmasenono Monagenq açıqlama verib. Xatırladaq ki, daha öncə beynəlxalq məhkəmənin prokuroru M. Qəddafi ilə onun iki yaxını – oğlu Seyfülislam və kəşfiyyat rəisi Abdullah Əl Sanusinin həbsinə sanksiya verilməsini tələb etmişdi.


Liviya lideri ölkədə bu ilin fevralında başlayan hökumət əleyhinə mitinqlərin iştirakçılarına qarşı silahlı qüvvələrdən istifadə etməkdə ittiham olunur. Prokurorların rəyinə görə, M. Qəddafinin əmri ilə yaşayış kvartallarına, eləcə də məscidlərə gedib-gələn və dəfn mərasimlərinə qatılan insanlara atəş açılıb. Onun oğlu və kəşfiyyat rəisi isə üsyançılarla qarşıdurmada mülki əhali arasında itkilərin baş verməsinə səbəb olan əmr və göstərişlər verməkdə ittiham edilir.


Qeyd edək ki, Liviya hökuməti Haaqa məhkəməsinin yurisdiksiyasının Liviyaya şamil olunmadığını, çünki ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsini imzalamadığını açıqlamışdı. Bundan başqa, onların fikrincə, təhqiqatlar üsyançıların nəzarətində olan ərazilərdə aparıldığı üçün obyektiv sayıla bilməz.



Yeri gəlmişkən, Liviya hökuməti Qəddafinin “nə iqtidardan, nə də ölkədən ayrılacağını” bəyan edib.


Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, hökumət sözçüsü Musa İbrahim Liviyalı müxaliflərin Qəddafidən yaxın vaxtlarda savaşı bitirmək istiqamətində təklif gözlədiklərini açıqlamasının ardından “Qəddafi burada qalır. Ölkəni idarə edir, ölkədən getməyəcək, istefa etməyəcək. Əyalətlərimizi əsir alan cinayətkar qruplara boyun əyməyəcəyik” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar