Tehran Luvru hədələyib
04 fevral 2011 01:10 (UTC +04:00)

Tehran Luvru hədələyib

Tehran bildirib ki, Luvr muzeyi bir müddət öncə İslam Respublikasının uyğun qurumları ilə əldə etdiyi müqaviləni yerinə yetirməzsə, o zaman İran Fransa ilə mədəni əlaqələri kəsəcək.

Lent.az-ın “Tehran emruz” qəzetinə istinadən məlumatına görə, həmin anlaşmaya əsasən muzey İranda “fars incəsənəti (!?)”nə dair sərgi düzənləməliymiş.

“Luvr İranın Mədəniyyət, Turizm Təşkilatı qarşısında götürdüyü öhdəliyi 2 ay ərzində yerinə yetirməsə, o zaman biz Fransa ilə bütün mədəni əlaqələri kəsəcəyik” - deyə, qurumun başçısı Həmid Baghai söyləyib.

Həmid Baghainin sözlərinə görə, bir neçə il öncə iki ölkə arasında sərgilərin keçirilməsi mübadiləsinə dair müqavilə imzalanıb: “İran üzərinə düşən öhdəliyi yerinə yetirib. İndi cavab addım Fransa atmalıdır”.

Qurum başçısı bildirib ki, muzey rəhbərliyi indiyədək bu yöndə heç bir iş görməyib. “Cari il martına sonuna kimi Luvr sərginin keçirilməsi ilə bağlı dəqiq tarixi təyin etməlidir” - deyə, o, bəyan edib.

Baghai Luvrda təşkil etdikləri tədbirdən danışarkən deyib ki, onlardan biri Səfəvi sülaləsi dövrünə, o biri isə “10 min illik İran sivilizasiyasına(!?)” aiddir.

Dünyanın tanınmış muzeyləri ilə İranın mədəniyyət, turizm təşkilatı arasında bu ilk qalmaqal deyil. Mənbənin bildirdiyinə görə, təxminən bir il öncə qurum YUNESKO-ya Britaniya muzeyindən şikayət edib. Muzeyin təmsilçisi fars hökmdarı Kirin başına qoyduğu silindri, yaxud “Kirin manifesti”ni İrana qaytaracağını boyun olmuşdu. Bu tarixi abidənin qaytarılması müddəti ötən il fevralın 7-də başa çatıb və İran iddiası ilə bağlı heç bir nəticə əldə edə bilməyib.

İngilislər bu mərasimi yayadək təxirə salmağı təklif etsə də, İran tərəfi gözləməkdən təngə gəldiyini bildirmişdi. Onda Həmid Baghai britaniyalıların möhlət istəyini “qəbuledilməz” və “siyasi motivli” adlandırmışdı. Həmin tarixdə də qurum başçısı Britaniyanın muzeyləri ilə bütün əlaqələri və əməkdaşlığı kəsdiklərini bəyan etmişdi.

Ötən ilin aprelində isə bəlli olub ki, İran tərəfi bu sayaq davranışı ilə Britaniya muzeyinin “dəyən 300 min dollarlıq ziyanı” ödəməsini istəyirmiş. Keçən ilin sentyabrında ingilis muzeyi tarixi eksponatı İrana “müvəqqəti saxlamaq üçün” təqdim edib və bununla da mübahisə həll olundu.

Luvr muzeyi ilə bağlı mübahisənin nəticəsi də maraqlıdır. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrinin, o cümlədən ABŞ, Rusiya, Almaniya və başqalarının sərgilərində “fars mədəniyyəti” adı altında təqdim edilən çox sayda Azərbaycanın tarixi mədəni abidələri saxlanılır. İran onları da tələb edərək Tehrana aparsa, ona qarşı kim iddia qaldıracaq? Xatırladaq ki, bir neçə il öncə Tehran hakimiyyəti Novruz bayramının farslara, yaxud yaxşı halda “İran mədəniyyətinə” aid olması ilə bağlı YUNESKO-ya müraciət etmişdi.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1598

Oxşar yazılar