Tarixin dəyişdiyi gecənin hüznü və coşqusu... - REPORTAJ
02 oktyabr 2012 15:19 (UTC +04:00)

Tarixin dəyişdiyi gecənin hüznü və coşqusu... - REPORTAJ

Səhərəcən yatmağa qoymadılar. Tiflis sözün həqiqi mənasında iflic olmuşdu. Amma yaxşı mənada. Mərkəzi küçələri bağlı, metro bağlı, kafe və dükanlar bağlı… ancaq insan seli. Elə hey, dörd bir tərəfdən Azadlıq meydanına axışan on minlərlə insanın bağırtısından - qışqırmağından yox ha, - bir də səhər saat 6 radələrində bir balaca mürgülüyə bildim.

Bu gün səhər saat 8-də oteldən çıxanda isə əvvəlki səs-küydən əsər-əlamət qalmamışdı. İvanişvilinin qərargahının düz böyründəki balaca kafe də təzə açılmışdı. Onun yanındakı siqaret satılan balaca köşk də. “Chokalate” dükanının sahibi də dükanı açmağa hazırlaşırdı. Bir azdan qəzet satan qoca arvad da gələcək. Beləcə, hər şey iki gün bundan əvvəlki kimi... həyat davam edir.

Dünən isə…

***

Dünən isə Tiflisdə, ümumiyyətlə, Gürcüstanda əlahiddə bir gün idi. Gürcü xalqı parlamentini seçirdi. Amma bu ənənəvi, necə deyərlər, deputat seçkisi də deyildi. Söhbət ondan gedir ki, dünən Saakaşvili hakimiyyətinin taleyi həll olunurdu. Çünki gələn ildən qüvvəyə minəcək yeni qanunlara əsasən icra strukturlarını prezident yox, baş nazir idarə edəcək. Baş naziri isə parlament seçəcəkdi. Müxalifət bu seçkilərdə 50 faizdən çox səs yığacağı halda hökuməti də onlar quracaq. Bu isə o deməkdir ki, Gürcüstanda parlament tipli idarəetmə üsulu tətbiq edildikdən sonra idarəçilik rıçaqları Saakaşvilinin əlindən çıxacaq. Oktyabrın 1-i təkcə parlament uğrunda mübarizə getmirdi. Parlamenti böyük üstünlüklə əl keçirən həm də hakimiyyətə yiyələnəcəkdi.

Dünən Tiflis küçələrində səhər də qələbəlik idi. İnsanlar seçki məntəqələrinə axışırdılar. “Mən 40 dəqiqə gözlədim. Hə, düz 40 dəqiqə. İçəri keçəndən ta səs verib qurtaranadək. Adam çox idi. Qocaları da növbəsiz buraxırdılar deyə gözləməli oldum”. Bunu mənə təxminən 40-45 yaşı olan şəkildə gördüyünüz bu qadın deyir. Hələ üstəlik, xəstədir. Amma verdiyi səsin, türklər demiş, keyfini çıxarmaq üçün bu gecə saatlarında meydana gəlməyə də ərinməyib.

“Gürcü arzusu” nə eşitmişdi?

Hə, dünən Tiflis gərgin bir gün yaşadı. Xüsusən də hələ günorta olmamış müxalifətin əsas siyasi bloku “Gürcü arzusu” liderlərinin qəfil bəyanatları da bir yandan. Hələ saat 3 olmamış blokun mətbuat katibi Maya jurnalistləri başına yığıb bildirdi ki, axşam saat 8-də tərəfdarlarımızı Azadlıq meydanına çağırırıq. Sadəcə belə dedi… və getdi. Nə baş verib axı? Ölkə boyu bir neçə qanun pozuntusunu nəzərə almasaq, seçki ilə bağlı elə bir problem yaşanmırdı. Seçkinin sonunu gözləmədən bu təlaş nəydi bəs?

Onun ardınca Kaxa Kaladze, İtaliya “Milan”ının keçmiş ulduzu öz feysbuk və tvitter səhifələrində, sonra isə Bidzina İvanişvilinin “Maestro” telekanalında çağırışlar etdi: “Hamınızı seçkinin nəticələrini gözləmədən Azadlıq meydanına çağırıram”. (Yeri gəlmişkən sonradan özü gəlmədi).

Hamı küçələrə, seçki bayramına!

Artıq jurnalistlər arasında da xısınlaşma başladı. Hətta axşam hazırlıqlarına başlayanlar da oldu; kimisə otelə dincəlməyə getdi, kimisə isti paltar götürməyə. Və hamıda da bu narahatlıq: Tiflis qarışacaq. Odun üstünə azca da olsa nöyütü ABŞ və İngiltərə diplomatları tökdü. Bu ölkələrin diplomatik qurumlarından öz vətəndaşlarına axşamdan sonra şəhərin mərkəzində, xüsusi ilə də Azadlıq meydanının həndəvərində hərlənməmək məsləhəti gəldi.

Axşam oldu. Gün batdı. Hava qaraldı. Seçki qurtardı. Gürcülər doğrudan da liderlərinin çağırışına qulaq asdılar. Tiflisin küçələrinə, Azadlıq meydanına axışdılar. Elə biz də. Elə həmin ingilislər, amerikanlar, fransızlar da. Heç nə olmadı… Və yaxşı ki olmadı. Və həm də oldu. Sadəcə, bayram. Planlaşdırılmamış, amma çox gözəl alınmış bir bayram düzənlədilər özlərindən də asılı olmayaraq gürcülər. Bütün meydan boyu, bütün küçələrdə milli mahnılarını - bunlardan ancaq məşhur “Suliko”nu ayırd edə bildim - oxudular, çaxırlarını açdılar, tanıdı-tanımadı kimi gəldi qonaq etməyə başladılar. Beləcə, səhərəcən şənləndilər. Amma on minlərlə insan, inanın, aralarında içib gələnləri də xeyli vardı, adi, adidən də adi bir qanun pozuntusuna yol vermədi. Hətta saat 12 radələrində Tiflisin bütün mərkəzi küçələrinə qoyulmuş monitorlarla liderləri Bidzina İvanişvilinin “xahiş edirəm, təxribata uymayın, heç nəyi sındırmayın” çağırışını belə uğultuyla qarşıladılır.

Deyəsən, xətirlərinə dəymişdi…

***

Bir maraqlı məqam, bəlkə də sizlərə qəribə gələcək. Dünən axşamdan bağlı kafe və dükanlar gecə yarısından başlayaraq, açıldı. Görünür, artıq hamı başa düşmüşdü ki, insanlar meydanlara ancaq bayram etmək üçün yığışıb, niyə də bu bayramdan bəhrələnməyəsən. Kafelər anındaca doldu. Dükanların qarşısında pivə və çaxır növbələri yarandı. Taksilər fəallaşdı. Hətta hardansa dilənçilər də peyda oldu. Çox koloritli bir gecə alındı. Bidzinanın meydana gəlməsi ilə gecə daha da coşub-daşdı...

***

Amma bu xoş gecədən pay almayanlar da vardı. Rustaveli küçəsi, 30 ünvanında hüzn hökm sürürdü. Hə, məhz burda. Hakim, daha doğrusu, artıq məğlub partiyanın, Saakaşvili tərəfdarlarının Vahid Milli hərəkat Partiyasının qərargahı yerləşir burda. Gecə saat 1 olmasına baxmayaraq bura da haradasa 100-ə yaxın adam yığışmışdı. Kədərli, həm də qəzəbli idilər. Amma qəzəblərini qətiyyən büruzə vermirdilər. Bircə jurnalistlərə qarşı bir az hövsələsiz idilər; sifətlərinin lentə köçürülməsinə sərt reaksiya verirdilər. Eləcə qərargahlarının qarşısında durub Rustaveli prospekti boyunca qulaq batıran siqnal səsi verə-verə ora-bura şütüyən rəqiblərinin sevincinə qibtə ilə baxırdılar. Onları başa düşmək olardı. Çünki onların da maşınları var. Onlar da çaxır içməyi, şənlənməyi sevirlər və bacarırlar. Bu gün onların da “gürcü arzusu” çin çıxa bilərdi. Sevinərdilər, bayramlaşardılar. Amma bu gün onların günü deyildi. İndi onlar da liderlərini gözləyirdilər; sual etmək üçün. Hə, onları sorğu-suala tutmaq üçün - niyə məğlub olduq?..

***

Hə, onlar məğlub oldu. Amma hələ son deyil. Nə bilmək olar, bir də gördün “Gürcü arzusu”nun, tutaq ki, 15 deputatı keçdi bu tərəfə. Hökuməti də “millətçilər” formalaşdırdı. Bu hələ gələcəyin işidir, əgər baş tutarsa. İndilikdə isə onlar niyə məğlub olduqlarının səbəblərini götür-qoy etməlidirlər. Bu sualın cavabını tapmalıdılar. Axı, necə oldu ki, cəmi bir il bundan əvvəl “mən də varam” deyib də siyasətə gələn birisi onların, neçə ilin islahatçılarının kürəyini yerə vurdu. Rusiya faktoru? Bunu zaman göstərəcək. Hər halda, Saakaşvili və İvanişvili bir-birini elə gecəykən təbrik edib, hövsələli davrandılar.

Bəs Saakaşvilinin hakimiyyət yoluna diyirlənən daş nə idi? Total işsizlik, sosial problemlər, həll olunmamış Abxaziya və Cənubi Osetiya problemimi? Hamısı ola bilər. Hamısı ayrı-ayrılıqda hakim partiyanın məğlub olması üçün tutarlı səbəb ola bilər. Amma niyə məhz İvanişvili?

***

“Ona pul lazım deyil, milyarder adamdır. O deyir ki, mən çalışacam bütün gürcülər varlı olsun. Saakaşvili isə bunu istəmirdi”. Bunu isə mənimlə birgə əlində bayraq tutmuş bu dayı deyir. Teymuraz. Şevardnadze dönəmində hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə olmuş şəkildə gördüyünüz bu kişi. Saakaşvilinin vaxtında onu işdən çıxarıblarmış. Hələ də onun əlindən yanıqlıdır. İndi isə sevinir. Elə Şevardnadzenin özü kimi, onun ətrafı da. Onlar “bizimkilər qayıdır” məntiqi ilə yanaşırdılar dünənki gecəyə. Amma nə qədər haqlıdılar və ya yanılırlar, bunu da zaman göstərəcək. Həqiqət isə odur ki, dünən heç vaxt gələcək olmayıb. Dünən keçmişdə qaldı. Bidzina isə gürcülərə xoş gələcək vəd edir. Baş nazir olsa. Bunu isə doğrudan da gələcək göstərəcək.

Səbuhi Məmmədli,
Tiflis
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6363

Oxşar yazılar