Ötən ilin avqust ayında nişanlandıqlarını elan edən dünyaca məşhur müğənni Teylor Svift və amerikalı futbolçu Trevis Kelcenin toy planları ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Nyu-Yorkdakı məşhur “Madison Square Garden”də keçiriləcək möhtəşəm tədbir üçün şəhərin ən işlək küçələrindən bəzilərinin üç gün ərzində nəqliyyata bağlı olacağı məlum olub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, son zamanlar əyləncə dünyasında ən çox müzakirə olunan cütlüklərdən biri olan amerikalı müğənni Teylor Svift və amerikalı futbolçu Trevis Kelsin çoxdan gözlənilən toyu ilə bağlı təfərrüatlar ortaya çıxmağa başlayır. Keçən il münasibətlərini rəsmiləşdirən məşhur cütlüyün dünya ulduzlarının da qatılacağı gözlənilən dəbdəbəli bir mərasim planlaşdırdığı bildirilir.
"New York Times" qəzetinin əldə etdiyi rəsmi sənədlərə görə, cütlüyün toy mərasimi iyulun 3-də Nyu-Yorkun məşhur tədbir məkanı olan “Madison Square Garden”də keçiriləcək. Qəzet üç fərqli mənbəyə və şəhər rəsmisinə istinadən arenanın ətrafındakı küçələri üç gün bağlamaq üçün Nyu-York şəhər hökumətinə rəsmi icazə sorğularının təqdim edildiyini təsdiqləyib.
Tədbir təşkilatçılığı şirkətinin müraciətləri əsasında verilən icazə, iyulun 2-dən iyulun 4-ü günortaya qədər “Madison Square Garden” ətrafındakı küçələrin nəqliyyatın hərəkəti üçün bağlanmasını əhatə edir.
Sənədlərdə bağlanmanın səbəbi kimi yalnız "iyulun 3-də baş verən tədbir" göstərilir və qeyd olunur ki, ərazidəki hüquq-mühafizə orqanları toy təşkilatçılığı barədə məlumatlandırılıb.
Məlum olub ki, arenanın xaricində xüsusi çadırlar qurulacaq və tədbir üçün ləvazimatların çatdırılması üçün logistika sahələri ayrılacaq. Tədbirdə təxminən 500-999 qonağın iştirakı gözlənilir. "The New York Times" qəzeti əsas toy mərasiminin ayrı, gizli bir yerdə keçirilə biləcəyini, böyük bir qəbul və canlı çıxışlar üçün isə “Madison Square Garden”də nəhəng bir səhnənin qurulacağını bildirib. Həmçinin bildirilib ki, Kelcenin “Kansas City Chiefs” komandasından olan digər idmançıları toy həftəsonu ərzində “Times Square”dəki bir oteldə qalacaqlar.
"Onunla əbədi birlikdə olacağam”
2023-cü ilin sentyabr ayından bəri birlikdə olan 35 yaşlı Svift və 36 yaşlı Kelce ötən avqust ayında sosial mediada nişanlandıqlarını elan ediblər. Ötən oktyabr ayında bir televiziya proqramında iştirak edən Teylor Svift nişanlısı və münasibətləri ilə bağlı aşağıdakı açıqlamaları verib:
"Üzüyə baxmağa davam edirəm, sanki mənə heç də normal görünmür. Onun mahiyyəti ondadır ki, o, tanıdığım insan, ən sevdiyim insan, hər gün əbədi olaraq onunla vaxt keçirə biləcəyim insandır. Ona baxıb deyirsən ki, "Mən onunla əbədi olaraq birlikdə olacağam" və bu üzük bunu təmsil edir".
Nyu-Yorkda bu parlaq tədbirə hazırlıqlar sürətlə davam etsə də, toyun dünya mətbuatında geniş işıqlandırılması gözlənilir.