222
11:45
13 May 2009

“İşğal aradan qaldırılmasa, sərhədlər açılmayacaq”

Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib.

Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb.
APA -nın xəbərinə görə, görüş və danışıqlardan sonra İ. Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Azərbaycan prezidenti İ. Əliyev ikitərəfli münasibətləri, iqtisadi əlaqələrin mövcud durumu və perspektivlərini, enerji məsələsini, bölgədəki vəziyyəti və Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etdiklərini açıqlayıb.

İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan İ. Əliyev Azərbaycan və Türkiyə xalqlarının qardaşlığına diqqət çəkib: “Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir və çoxşaxəlidir. Biz həm bu əlaqələrin inkişafı, həm də bölgədə sülh əldə edilməsi üçün birgə səylər göstəririk, beynəlxalq məsələlərlə bağlı birgə mövqedən çıxış edirik. Biz istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, o qədər tez əldə olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, bölgədə əməkdaşlıq genişlənsin. Çox səmimi söhbət oldu, bir çox məsələyə aydınlıq gətirildi və mən bundan çox razıyam. Gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün gözəl imkan yarandı”.

Ərdoğan isə sözlərinə dost və qardaş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə etməklə başlayıb: “Dəyərli qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri ən geniş mənada müzakirə etdik. Bu görüş tarixdən bu yana davam edən bərabərliyimizə kölgə salmaq istəyənlərə ən gözəl cavabdır. Münasibətlərimizdə “bir millət-iki dövlət” anlayışı davam edir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində həssaslığı bizim həssaslığımızdır. Bu məsələ ilə bağlı spekulyasiyalar bizim üçün qəbuledilməzdir. Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir.

Dağlıq Qarabağın işğalı səbəbdir, Ermənistanla sərhəd qapısının bağlanması isə nəticədir. Azərbaycan torpaqları işğal edildiyi üçün biz qapıları qapatdıq. İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz. Bunu Bakıda çox açıq və konkret şəkildə ifadə edirəm. Digər tərəfdən, Minsk Qrupu da müzakirələri sürətləndirməli və yekun nəticə əldə olunmalıdır. Təbii ki, son qərarı dəyərli qardaşım İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan verəcək. Bu qərardan sonra biz də üzərimizə düşəni edəcəyik”.