53
16:45
16 Oktyabr 2020

Azərbaycanlıların Londonda “Amnesty International”ın binası qarşısında etiraz aksiyası - YENİLƏNİB

Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda “Amnesty International”ın binası qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosunun xəbərinə görə, aksiyada Azərbaycan və türk icmaları, güney azərbaycanlılar və Britaniya vətəndaşları iştirak ediblər.

Onlar “Amnesty İnternational”ın Londondakı baş qərargahı önündə toplanaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Mingəçevir, Tərtər və digər bölgələrdə yerləşən yaşayış məntəqələrinin və mülki vətəndaşların atəşə tutmasını pisləyiblər, Azərbaycan vətəndaşlarının hüquqlarının kobud sürətdə pozulmasına etiraz ediblər.

Aksiya iştirakçıları əllərində Gəncədə Ermənistan ordusunun raket atəşi nəticəsində hər iki valideynini itirmiş uşaqların fotolarının yer aldığı plakatlar tutublar. Daha sonra plakatların önünə Britaniyada yaşayan azərbaycanlı uşaqlar oyuncaqlar qoyaraq ictimaiyyətə “Uşaqlar ölməsin” mesajını veriblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirilib. Aksiya iştirakçıları dünya ictimaiyyətini mülki vətəndaşların ölümünə səssiz qalmamağa çağırıblar.

Bildirilib ki, mülki əhalinin amansızlıqla hədəf alınmasına birtərəfli yanaşılmamalı və erməni təcavüzü qınanmalıdır.

Daha sonra “Amnesty İnternational”a ünvanlanan məktub qurumun işçilərindən birinə təqdim edilib.

Aksiyanın sonunda Azərbaycanın Dövlət himni səsləndirilib.

***

14:44

Londonda Azərbaycana dəstək aksiyası keçirilir.

Lent.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiyada Ermənistanın təxribatlarını özündə əks etdirən plakatlar yer alıb.

Dİgər xəbərlər